Dövlət Yol Polisi: "Bakıda piyadalarla bağlı vəziyyət narahatlıq doğurur"

Dövlət Yol Polisi: "Bakıda piyadalarla bağlı vəziyyət narahatlıq doğurur" İlin əvvəlindən bu günə qədər Bakı üzrə piyadavurma faktları ümumi hadisələrin 57%-ni təşkil edir
İnfrastruktur
1 Sentyabr , 2016 13:06
Dövlət Yol Polisi: Bakıda piyadalarla bağlı vəziyyət narahatlıq doğurur

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda piyadalarla bağlı vəziyyət həqiqətən narahatlıq doğurur. İlin əvvəlindən bu günə qədər Bakı üzrə piyadavurma faktları ümumi hadisələrin 57%-ni təşkil edir. "Report" xəbər verir ki, bunu jurnalistlərə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

"Biz doğrudan da piyadalarla bağlı problem yaşayırıq. Piyadaların məsuliyyətə cəlb edilməsində əməkdaşlarımız demək olar paytaxtın əksər yerlərində yeraltı və yerüstü piyada keçidlərində reydlər aparırlar. Bu günədək 90 minə yaxın piyada saxlanılıb. Bu, piyadalar arasında da nizam-intizamın olmaması deməkdir. Hesab edirəm ki, bu təkcə Dövlət Yol Polisindən deyil, piyada hərəkət iştirakçılarının özündən də asılıdır. Məsələn, evdə valideynlər, məktəbdə müəllimlər, küçədə bizim üzərimizə böyük məsuliyyət düşür", - deyə V. Əsədov bildirib.

V. Əsədovun fikrincə, sürücülər yol polisi olmadan öz hərəkətlərini tənzimləməyi bacarmalıdırlar: "Bu gün dayanma-durma ilə bağlı tərəfimizdən xeyli protokol tərtib olunub. Çünki hazırda "20 Yanvar", Şamaxinka adlanan ərazi və digər yerlərdə yenə də çoxlu əməkdaşlarımız xidmət edir. Deməli, bura paytaxtın şimal tərəfdən giriş qapısıdır. Burada gəlib-gedənlər üçün normal şərait yaradılmalıdır. Əgər avtomobil sürücüləri tərəfindən dayanma-durma tələbləri yerinə yetirilmirsə, yolun daralması, gediş-gəlişi çətinləşir. Yol polisi olmadan hər bir sürücü ən azı quraşdırılmış yol nişanlarının hərəkətinə düzgün riayət etməlidir. Çox vaxt çörək pulu qazanıram deyə qadağan edilmiş ərazidə park edənlər unutmamalıdırlar ki, müəyyən olunmuş qaydalar var". 

Son xəbərlər

Orphus sistemi