Dövlət Komitəsi Zərdabda "kütləvi çıxarış" kampaniyası keçirib

Dövlət Komitəsi Zərdabda "kütləvi çıxarış" kampaniyası keçirib İndiyədək analoji kampaniyalar zamanı ümumilikdə 4 750-yə yaxın vətəndaşa xidmət göstərilib
İnfrastruktur
4 Sentyabr , 2015 13:21
Dövlət Komitəsi Zərdabda kütləvi çıxarış kampaniyası keçirib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin növbəti “kütləvi çıxarış” kampaniyası sentyabrın 4-də Zərdab rayonunda keçirilib. Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Kampaniyanın Zərdab rayonunda keçirildiyi müddət ərzində 400-ə yaxın sakinə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstərilib ki, onlardan 240-a yaxın vətəndaşa dövlət reyestrindən çıxarış verilib, 160-a yaxın vətəndaşdan daşınmaz əmlaka, həmçinin torpağa dair qeydiyyat üçün zəruri sənədlər qəbul edilib.

Kampaniya çərçivəsində Zərdab rayonunun bir sıra ahıl və fiziki məhdudiyyətli vətəndaşların birbaşa öz evlərindəcə qeydiyyat xidmətlərindən faydalandıqları deyilir.

Komitədən verilən məlumata görə, “kütləvi çıxarış” kampaniyası əvvəllər yalnız xüsusi sosial təbəqədən olan və əvvəlki illərdə müxtəlif qurumlar tərəfindən verilmiş mülkiyyətə dair sənədlərin çıxarışlarla əvəz olunmasını nəzərdə tuturdusa, indi isə ümumiyyətlə vətəndaşların daşınmaz əmlaklarının dövlət qeydiyyatına alınması ilə bağlı bütün xidmətləri əhatə edir.

Xatırladaq ki, ərazi qeydiyyat idarələri ilə yanaşı, artıq “Kütləvi çıxarış” kampaniyasında da “bir pəncərə” prinsipi tətbiq olunur. Vətəndaşlar bu kampaniya çərçivəsində qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqını ödəməklə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bütün xidmətlərdən faydalana bilirlər. Belə ki, vətəndaşlar bir ünvanda sənədlərini təqdim edir, çıxarışlarını əldə edir, kadastr, texniki və ya torpağa dair digər sənədlərin alınması üçün başqa qurumlara getmir.

Qeyd edək ki, indiyədək kampaniya bir sıra şəhər və rayonlarda, o cümlədən Gəncə, Şəki, Mingəçevir, Zaqatala, Şamaxı, Şirvan, Qusarda keçirilib və ümumilikdə 4 750-yə yaxın vətəndaşa xidmət göstərilib.

Son xəbərlər

Orphus sistemi