Dövlət Komitəsi: Torpaqların istifadəsi ilə bağlı çoxsaylı pozuntu halları aşkarlanıb

Dövlət Komitəsi: Torpaqların istifadəsi ilə bağlı çoxsaylı pozuntu halları aşkarlanıb Azərbaycanda mövcud olan 1,8 mln. ha əkin sahəsinin 198 min hektarı (11,3%) istifadə olunmur
İnfrastruktur
13 İyul , 2016 11:42
Dövlət Komitəsi: Torpaqların istifadəsi ilə bağlı çoxsaylı pozuntu halları aşkarlanıb

Bakı. 13 iyul. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Azərbaycanın 4,1 mln. ha ərazisinin ortofotomateriallarının rəqəmsallaşdırılması işini yekunlaşdırıb və relyef xəritələrinin hazırlanması işinə başlayıb.

Bu barədə “Report”a komitənin mətbuat xidmətindən məlumat verilib.

Xəbərə görə, 10 rayonda (Abşeron, Salyan, Cəlilabad, Göygöl, Siyəzən, Ağcabədi, Ağsu, Oğuz, Balakən və Zaqatala rayonlarında) torpaqların elektron uçotu işləri aparılır, elektron torpaq xəritələri tərtib edilir. Azərbaycanın kadastr tarixində ilk dəfə olaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərinin elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri hazırlanıb. 

Komitədən bildirilib ki, Azərbaycanın 53 rayon mərkəzinin və ona bitişik şəhər və qəsəbələrin, ümumilikdə 130 min ha ərazini əhatə edən yaşayış məntəqələrinin torpaqlarının elektron kadastr uçotuna alınması işi davam etdirilir. Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması işlərinin 2020-ci ilədək yekunlaşdırılması nəzərdə tutulur.

Aparılan nəzarət tədbirləri nəticəsində torpaqların istifadəsi ilə bağlı çoxsaylı pozuntu halları aşkarlanıb. Belə ki, ölkə üzrə mövcud olan 1,8 mln. ha əkin sahəsinin 198 min hektarı (11,3%) istifadə olunmur. Bundan başqa, 2,6 min ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 91 qanunsuz daş, qum-çınqıl karxanaları, 6 min ha torpaq sahəsində isə 222 qanunsuz balıq gölləri yaradılıb. Eyni zamanda icra hakimiyyətləri və bələdiyyələr 1204 ha torpaq sahəsinin qanunsuz istifadəyə, icarəyə, mülkiyyətə verilməsinə, təyinatının qanunsuz dəyişdirilməsinə dair 245 qərar qəbul ediblər.

Komitənin araşdırmalarına əsasən, hazırda icarəyə verilən dövlət torpaqlarının bir hissəsindən ümumiyyətlə istifadə edilmir. Belə ki, ölkənin şəhər və rayonları üzrə 20 minə yaxın torpaq icarəçisinin istifadəsində olan 1,2 mln. hektar torpaq sahəsinin 44,3 min hektarı faktiki istifadəsiz qalıb. Yerli icra hakimiyyətləri və bələdiyyələr də kənd təsərrüfatı torpaqlarını bəzi hallarda qanunsuz olaraq digər məqsədlərlə ayırırlar. Belə ki, ötən dövrlər ərzində yerli icra hakimiyyətləri tərəfindən 72 min ha torpaq sahəsi, bələdiyyələr tərəfindən 15 minə yaxın ha qeyri kənd təsərrüfatı məqsədləri üçün ayrılıb. 122 min ha torpaq sahəsi isə keçmiş icarəçilər tərəfindən icarə müqaviləsi olmadan istifadə edilir.

Torpaq müfəttişləri 19,2 min pozuntu halı aşkar ediblər, bundan 4479 hal ciddi pozuntu (13686 fərdi yaşayış evi istisna olmaqla) hesab olunur. Bu hallarla bağlı fiziki və hüquqi şəxslərə 1169 xəbərdarlıq edilib, 349 inzibati protokol tərtib olunub.

Bu ildə Füzuli, Oğuz, Abşeron, Ağdam, Göygöl, Ağsu, Cəlilabad, Ağcabədi, Samux, Qəbələ və Masallı rayonları üzrə cəmi 495 270 ha bələdiyyə və xüsusi mülkiyyətinə verilən ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işləri, Şəki, Ağstafa, Şabran, Tovuz, Qazax, Xızı, Siyəzən, Şəmkir, Oğuz, Daşkəsən, Göygöl, Gədəbəy, Cəlilabad, Samux, Qəbələ və Masallı rayonları üzrə cəmi 750079 ha ərazidəki yay və qış otlaqlarında, eləcə də bələdiyyələrin kəndətrafı örüş və biçənəklərində irimiqyaslı çöl geobotaniki tədqiqat işlərinin aparılması nəzərdə tutulub.

Qeyd edək ki, ötən ildə Şəki rayonunun 114 minə yaxın ha, Qazax rayonunun 44 min ha, Ağstafa rayonunun 35,4 min ha, Tovuz rayonunun 49 minə yaxın ha bələdiyyə və xüsusi mülkiyyətinə verilmiş cəmi 242 minə yaxın ha ərazisində irimiqyaslı çöl torpaq tədqiqatı işləri aparılıb. Bununla belə, 2015-ci ildə Şəki, Daşkəsən, Gədəbəy, Ağstafa, Qazax, Şəmkir rayonlarında ümumilikdə 310,5 min hektardan çox ərazidəki yem sahələri, yay və qış otlaqlarında, eləcə də bələdiyyələrin kəndətrafı örüş və biçənəklərində irimiqyaslı çöl geobotaniki tədqiqat işləri yerinə yetirilib.

Son xəbərlər

Orphus sistemi