Dövlət Avtomobil Nəqliyyatı Xidmətində dövlət vəsaitlərinin mənimsəməsi halları aşkarlanıb

Dövlət Avtomobil Nəqliyyatı Xidmətində dövlət vəsaitlərinin mənimsəməsi halları aşkarlanıb Nəqliyyat Nazirliyinin bu qurumu fəaliyyətindən sui-istifadə edib
İnfrastruktur
8 Aprel , 2016 15:36
Dövlət Avtomobil Nəqliyyatı Xidmətində dövlət vəsaitlərinin mənimsəməsi halları aşkarlanıb

Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycan Hesablama Palatası 2014-cü ilin iş planına uyğun olaraq Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) maliyyə-təsərrüfat fəaliyyətinin auditini keçirib. Audit nəticəsində müəyyən edilib ki, DANX-da dövlət qulluğuna aid edilən vəzifələr üzrə işə qəbul prosesi dövlət qulluğu haqqında müvafiq hüquqi aktların tələbləri gözlənilmədən həyata keçirilib, vergi qanunvericiliyinin tələbləri pozularaq muzdlu işlə əlaqədar ödəmə mənbəyi tutulan fiziki şəxslərin gəlir vergisi azaldılıb, mükafatlardan müvafiq tutmalar düzgün həyata keçirilməyib.

“Report”un xəbərinə görə, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında” adlı hesabat sənədində bildirilib.

Sənəddə qeyd edilib ki, ezamiyyətlərin ödənilməsi ilə bağlı xərclərin müvafiq normativ aktlara uyğun icra edilməməsi nəticəsində, həmçinin beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsinə, həmçinin idarəçilikdə olan hüquqi şəxslərin maddi-texniki bazasından (nəqliyyat vasitələri parklarından) istifadə olunmadan artıq vəsait icra edilib.

Həmçinin, əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material vəsaitlərinin satışı üzrə müvafiq qaydalara əməl edilməyib, auditlə əhatə olunan dövrdən əvvəlki dövrlərdə sərnişin daşınmları ilə məşğul olan hüquqi və fiziki dispetçer xidmətlərinin göstərilməsindən yaranmış 0,8 min manat məbləğində debitor borcların alınması təmin edilməyib, eyni zamanda "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili" MMC və onun tabeliyində olan 4 qurumun nizamnamə kapitallarının maliyyə-mühasibat hesablarındakı məbləğləri ilə kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışlarında göstərilən məbləğlər arasında fərqlər mövcud olub və bu fərqlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməyib.

Bundan başqa, inzibati xəta haqqında protokollar üzrə qəbul edilmiş qərarlara əsasən tətbiq edilmiş (hesablanmış) cərimə məbləğlərinin istər Xidmətin struktur vahidləri üzrə ayrı-ayrılıqda, istərsə də Xidmət üzrə ümumilikdə uçotun aparılması, həmçinin bu protokollar üzrə qəbul edilmiş qərarlara əsasən tətbiq edilmiş cərimələrin tam həcmdə dövlət büdcəsinə ödənilməsi təmin olunmayıb. Xidmətin tabeçiliyində olan hüquqi şəxslər, həmçinin "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili" MMC və onun tabeliyindəki hüquqi şəxslər üzrə mühasibat uçotunun aparılmasının, maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsinin "Mühasibat uçotu haqqında" qanunun tələblərinə əsasən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına, eləcə də Nazirlər Kabinetinin müvafiq qaydalarına uyğunluğu təmin edilməyib. 

Qeyd edək ki, hesabat sənədi Milli Məclisə təqdim olunub və aprelin 15-də plenar iclasda müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi