Çindən gələn sınaq konteyner qatarı Ələt limanına çatıb - YENİLƏNİB

Çindən gələn sınaq konteyner qatarı Ələt limanına çatıb - YENİLƏNİB Bu, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu dəmir yolu layihəsinin icrası çərçivəsində həyata keçirilir
İnfrastruktur
3 Avqust , 2015 10:53
Çindən gələn sınaq konteyner qatarı Ələt limanına çatıb - YENİLƏNİB

İlk xəbər saat 09:24-də verilib

Bakı. 3 avqust. REPORT. AZ/ Çindən Azərbaycana gələn sınaq konteyner qatarı artıq Ələt limanına çatıb. 

***

Bu gün Azərbaycan, Türkiyə, Qazaxıstan, Çin və Gürcüstanın təşəbbüsü ilə bu ölkələrin ərazilərindən keçəcək Şixezi-Dostık-Aktau-Ələt-Keşlə marşrutu ilə hərəkət edən sınaq konteyner qatarının saat 10:00-da Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Ticarət Limanına çatması gözlənilir. 

"Report" xəbər verir ki, qatar iyulun 28-dən Çinin Şixezi şəhərindən çıxıb.

Bu konteyner qatarının gəlişi dəmir yolları rəhbərlərinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkşafı üzrə Əlaqələndirmə Komitəsinin iclaslarında əldə etdikləri tarif siyasəti və əlverişli texniki şəraitin yaradılması ilə bağlı danışıqların nəticəsi olaraq Qazaxıstan, Çin, "Azərbaycan Dəmir Yolları", "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, Bakı Beynəlxalq Ticarət Limanı ilə birgə həyata keçirilir. 

Bu qatar 82 ədəd 20 tonluq konteyner daşıyır və daşınan yük kaustik sodadır. Bu təyinatlı yüklər əvvəllər alternativ marşrutla 25-40 gün müddətinə Bəndər-Abbas və Poti limanları ilə daşınırdı. Yeni Transxəzər Nəqliyyat Marşrutu üzrə yüklərin daşınma müddəti Çindən Ələt limanına qədər təqribən 6 gün çəkəcək.

Bu layihə çərçivəsində bu ilin sentyabr ayında ikinci konteyner qatarının Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan -Türkiyə marşrutu üzrə göndərilməsi nəzərdə tutulub.

Tədbirdə Azərbaycan, Çin, Qazaxıstan, Gürcüstan, Türkiyənin buradakı səfirləri, "Qazaxıstan Dəmir Yolları"nın prezidenti Askar Mamin, "Gürcüstan Dəmir Yolları"nın baş direktoru Mamuka Baxtadze və Batumi limanlarının rəisləri iştirak edir.

Layihə çərçivəsində tranzit və xarici ticarət yüklərinin cəlb edilməsi, yükdaşıma həcmlərinin artırılması məqsədilə rəqabətə davamlı dəmir yolu tarifləri və hərəkətin təşkili yanaşmasının tətbiqi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi