​Bu il istehlakçılara 66,7 mln. kubmetr həcmində su verilib

​Bu il istehlakçılara 66,7 mln. kubmetr həcmində su verilib “Azərsu”da bu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib
İnfrastruktur
27 Aprel , 2016 18:20
​Bu il istehlakçılara 66,7 mln. kubmetr həcmində su verilib

Bakı. 27 aprel. REPORT.AZ/ Aprelin 26-da “Azərsu” ASC-nin 2016-cı ilin birinci rübü üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib. “Report”un ASC-yə istinadən verdiyi xəbərə görə, iclası giriş sözü ilə açan “Azərsu”nun sədri Qorxmaz Hüseynov bildirib ki, istehlakçılara göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. 

Q.Hüseynov bildirib ki, bu ilin yanvar-mart aylarında istehlakçılara 66,7 mln. kubmetr həcmində su verilib: “Bu müddət ərzində 47,2 mln. kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib. Hesabat dövründə 170 km içməli su, 138 km kanalizasiya xətləri çəkilib, 2 su anbarı tikilib, 4 ədəd subartezian quyusu qazılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə abonent sayı 52,4 min artıb, sayğaclaşma səviyyəsi 62,5%-ə yüksəlib”.

Sədr vurğulayıb ki, dövlət başçısının əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su il təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq Bakı şəhəri, Abşeron yarımadasında, eləcə də ölkənin şəhər və rayon mərkəzində layihələrin icrası davam etdirilib: “Beynəlxalq layihələr çərçivəsində Qusar və Tərtər şəhərlərində tikinti-quraşdırma işlərinin böyük hissəsi icra edilib, artıq son mərhələyə qədəm qoyub. Uzun illər içməli sudan əziyyət çəkən Salyan şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə Şirvan-Muğan qrup su kəmərindən magistral xəttin tikintisinə başlanılıb. Eyni zamanda, Masallı rayonunun 5 kəndini keyfiyyətli içməli su ilə təmin etmək üçün layihənin icrası davam etdirilir və tezliklə həmin kəndlərə suyun verilməsi təmin ediləcək”.

Daha sonra “Azərsu” ASC-nin İqtisadi təhlil və proqnozlaşdırma şöbəsinin rəisi Elçin Camalov, Su təchizatı sistemlərinin idarə olunması şöbəsinin rəisi Məmmədrəsul İlyasov, Tender və beynəlxalq layihələrin idarə olunması departamentinin rəisi İlqar Tağıyev, Müştəri xidmətləri şöbəsinin rəisi Rövşən Kazımov hesabat məruzəsi ilə çıxış edərək müvafiq sahələr üzrə bu ilin yanvar-mart ayları ərzində görülən işlər və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər.

Q.Hüseynov iclasa yekun vuraraq görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi