Bu il Çinin 5 sınaq qatarı Azərbaycandan keçəcək

Bu il Çinin 5 sınaq qatarı Azərbaycandan keçəcək Bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC rəhbərliyinin Çinə səfəri zamanı razılıq əldə olunub
İnfrastruktur
25 Oktyabr , 2016 16:39
Bu il Çinin 5 sınaq qatarı Azərbaycandan keçəcək

Bakı. 25 oktyabr. REPORT.AZ/ Çində səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Siçuan vilayətinin paytaxtı Çenqdu şəhərində görüşlər keçirib. 

QSC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan xəbərə görə, Azərbaycan nümayəndə heyəti ilə danışıqlarada Çenqdu Bələdiyyə Limanı və Logistik Mərkəzinin direktoru Çen Jonq Uey, Çenqdu Beynəlxalq Dəmir Yolu Xidmətinin sədri və baş direktoru Fan Jun və digər rəsmi şəxslər iştirak ediblər.

Görüş zamanı Siçuan vilayətinin iqtisadi imkanları, ixrac potensialı və ixrac yolları müzakirə olunaraq, burada istehsal olunan malların Avropaya nəql edilməsi zamanı Azərbaycan ərazisindən keçən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan istifadə imkanları diqqət mərkəzində olub.

Qeyd edək ki, Siçuan son illər ərzində Çində sürətlə inkişaf edən vilayətlərdən biridir. Bu, Çinin iqtisadi potensialının artırılmasına xidmət edən iqtisadi inkişaf proqramının ikinci mərhələsi çərçivəsində həyata keçirilən layihələrdən biridir. Məhz bu mərhələdə Sakit okean sahilində yerləşən vilayətlərdən sonra, Çinin mərkəzi və qərb rayonlarının inkişafı nəzərdə tutulur. Məhz bu rayonlardan qərbə doğru yüklərin nəql edilməsi, quru yolla, yəni Yeni İpək Yolunun istifadəsi nəzərdə tutulur və iqtisadi baxımdan əlverişli sayılır.

Çin tərəfi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan istifadə etməkdə maraqlı olduqlarını C.Qurbanovun diqqətinə çatdıraraq, Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsini nəzərə alaraq, burada regional "hub" yaratmaq arzusunda olduqlarını bildiriblər. Qeyd ediblər ki, əhalinin sıx yaşadığı və iqtisadiyyatı sürətlə inkişaf edən ölkələr - İran, Türkiyə və Cənubi Avropa ölkələri ilə ticarət dövriyyəsini artırmaq məqsədi ilə həmin ölkələrə yük qatarlarını Azərbaycan ərazisindən keçməklə göndərmək niyyətindədirlər. Yəni, yüklərin Azərbaycana, buradan isə təyinatı üzrə ya İrana (Astara stansiyasından), ya Türkiyəyə (Bakı-Tbilisi-Qars dəmir yolu ilə), ya da Avropaya (Gürcüstan limanlarında istifadə etməklə, Qara dənizlə) çatdırılması nəzərdə tutulur. Bunun üçün Çində “One Belt One Road”, yəni “Bir Kəmər Bir Yol” adlı xüsusi proqram da hazırlanıb. Proqram çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan daimi istifadə edilməsi və bu yolda yük qatarlarının sayının artırılması nəzərdə tutulur.

Azərbaycan və Çin nümayəndə heyətləri qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə edərək, bu ilin sonuna qədər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə 5 test qatarının göndərilməsi haqda razılığa gəliblər. Tərəflər arasında növbəti görüşünün Bakıda keçirilməsi haqda qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi