Bakıda ​Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Beynəlxalq Gənclər Forumu keçirilir

Bakıda ​Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Beynəlxalq Gənclər Forumu keçirilir Forumda MDB və Baltikyanı ölkələrin dəmiryolçularının 9 həmkarlar ittifaqından 60 nümayəndə iştirak edir
İnfrastruktur
1 İyun , 2016 10:55
Bakıda ​Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Beynəlxalq Gənclər Forumu keçirilir

Bakı. 1 iyun. REPORT.AZ/ Bakıda Dəmiryolçuların və nəqliyyat inşaatçılarının Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının V beynəlxalq gənclər forumu keçirilir. “Report”a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyindən bildirilib ki, iyunun 3-dək davam edəcək forumda MDB və Baltikyanı ölkələrin dəmiryolçularının 9 həmkarlar ittifaqından 60 gənc nümayəndə iştirak edir.

Tədbiri giriş sözü ilə açan MHİRK-nin sədri Fəzail Bağırov forumun əhəmiyyətindən danışıb. MHİRK-in sədri bildirib ki, son vaxtlar Azərbaycan dəmir yolunun həyatında canlanma hiss olunur: “Cavid Qurbanovun QSC-yə sədr təyin olunması ilə dəmir yolunda aparılan islahatlar Bakı-Tbilisi-Qars və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində işlərin sürətləndirilməsi, Astara çayı üzərində yeni dəmir yolu körpüsünün təməlinin qoyulması və xüsusilə gənc kadrların mühüm vəzifələrə təyin olunması görülən işlərin tam siyahısı deyil. Bütün bu işlərdə MHİRK Cəmiyyət rəhbərliyi ilə birgə fəaliyyət göstərir”.

Forumda çıxış edən Beynəlxalq Konfederasiyanın baş katibi Gennadi Kosolapov tədbiri yüksək səviyyədə təşkil etdiklərinə görə Cəmiyyət və MHİRK rəhbərliyinə minnətdarlığını bildirib. Sonra G.Kosolapovun “Dəmiryolçuların sahə həmkarlar ittifaqları hərəkatının vəziyyəti və gənclər siyasəti” mövzusunda məruzəsi dinlənilib.

İştirakçılar forumun qərarlarının yerinə yetirilməsi, “Həmkarlar ittifaqlarında gənclərlə işin təşkili”, “Gənclər və həmkarlar ittifaqları”, “Həmkarlar ittifaqlarına üzvlüyə qəbul zamanı müasir texnologiyaların tətbiqi”, “Mən həmkarlar lideriyəm”, “Gənc kadrların istehsalata uyğunlaşması”, “Stress menecment”, həmçinin əyani tədris vasitələrinin köməyi ilə həmkarlar ittifaqlarının işində gənclər siyasəti işinin təhlili kimi məsələlər ətrafında müzakirələr aparacaqlar. Sonda forum iştirakçılarına sertifikatlar təqdim olunacaq.

Tədbir çərçivəsində idman yarışlarının, milli mədəniyyət axşamlarının keçirilməsi planlaşdırılır. Eyni zamanda Bakının tarixi və görməli yerlərinə ekskursiyalar təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi