Bakının Pirallahı rayonunun mərkəzi yolunda tikinti işləri aparılır

Bakının Pirallahı rayonunun mərkəzi yolunda tikinti işləri aparılır Rayon mərkəzinə gələn avtomobil yolu və mərkəzi küçənin yenidən qurulması nəzərdə tutulub
İnfrastruktur
5 Oktyabr , 2016 12:07
Bakının Pirallahı rayonunun mərkəzi yolunda tikinti işləri aparılır

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı “Azəravtoyol” ASC müvafiq işlərə start verib.

ASC-nin Mətbuat Katibliyindən “Report”a verilən xəbərə görə, tikinti işləri çərçivəsində rayon mərkəzinə gələn avtomobil yolu və mərkəzi küçənin yenidən qurulması nəzərdə tutulub. Ümumilikdə bu avtomobil yolu və onun davamı olaraq Səməd Vurğun küçəsinin uzunluğu 8 km, mövcud eni isə 6-7 metr təşkil edir.

Sözügedən yolda uzun müddətdir təmir işlərinin aparılmaması nəticəsində yolun hərəkət hissəsində qabarıb və dağılan hissələr yaranıb. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklər törədir. Eyni zamanda, əksər ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların rahat və təhlükəsiz hərəkət etməsində problemlər yaradır. Mövcud olan problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır.

Layihə üzrə hazırda tikinti işləri mərkəzi küçədə aparılır. Yol yatağı 10-18 metr enində genişləndirilir. Belə ki, yolun 4 km-i 8 metr hərəkət hissəsi və hər bir istiqamət üzrə 1 metr çiyinlər də daxil olmaqla ümumi eni 10 metr, 4-5,6 km-lik hissədə yolun hərəkət hissəsi 15 metr, hər bir tərəfdə piyada səkilərinin eni 1,5 metr olmaqla ümumi eni 18 metr, 5,6-8 km-lik hissəsi isə 12 metr hərəkət hissəsi və 1,5 metr səkilər olmaqla yol yatağının eni 15 metr təşkil edəcək.

Hazırda yolun genişləndirilməsi, yeraltı kommunikasiya xətlərinin yenilənməsi və kənara çəkilməsi istiqamətində işlər aparılır. Bununla paralel olaraq yeni piyada səkilərinin tikintisi və yeni işıqlandırma sisteminin qurulması istiqamətində addımlar atılır. Zəruri olan yerlərdə səth sularının kənarlaşdırılması üçün sistemin yaradılması da nəzərdə tutulub.

Ümumilikdə, layihə çərçivəsində yolun hərəkət hissəsinin 85 min kv.m sahəsinə üçqat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək, yol boyu 16 min poqon metrə yaxın yeni səki daşı düzüləcək.

Son xəbərlər

Orphus sistemi