​Bakıda "Xəzər Tranzit Dəhlizi" layihəsinin təqdimatı keçirilib - YENİLƏNİB

​Bakıda "Xəzər Tranzit Dəhlizi" layihəsinin təqdimatı keçirilib - YENİLƏNİB Haldun Yavaş: "Azərbaycan Türkiyə və Gürcüstanda önəmli layihələr həyata keçirir"
İnfrastruktur
17 Fevral , 2016 14:44
​Bakıda Xəzər Tranzit Dəhlizi layihəsinin təqdimatı keçirilib - YENİLƏNİB

İlk xəbər saat 12:24-də verilib

Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanda "Xəzər Tranzit Dəhlizi" layihəsinin təqdimatı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Xəzər Strateji İnstitutu Məsləhət Şurasının üzvləri - Türkiyə Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Mətin Ataç, Türkiyənin Rusiyadakı sabiq səfiri Xəlil Akıncı, Xəzər Strateji İnstitutunun (HASEN) baş katibi Haldun Yavaş, Xəzər Strateji İnstitutunun strategiya və siyasət koordinatoru Ruçan Kaya, İnstitutun Xəzər bölgəsi üzrə koordinatoru Kəmalə Paşayeva iştirak ediblər.

Tədbirdə çıxış edən H.Yavaş HASEN-in fəaliyyəti, ötən il gördüyü işlər barədə məlumat verib və bildirib ki, qurum Azərbaycan iqtisadiyatının rəqabət gücünün öyrənilməsi ilə bağlı işlərə başlayıb.

O qeyd edib ki, Azərbaycan iqtisadiyyatı hazırda Qafqazın ən böyük iqtisadiyatıdır: "Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan lider mövqedədir. Azərbaycan Türkiyə və Gürcüstanda önəmli layihələr həyata keçirir. Bakı limanı Şərq-Qərb və İpək Yolu layihələrinin önəmini artırır".

Tədbirdə çıxış edən K.Paşayeva HASEN-in hazırda həyata keçirdiyi iki sosial layihədən danışıb. Regional koordinator bildirib ki, bunlardan biri Xocavənddə 6 ay əvvəl başlanılan "Qadınların inkişafı" adlı layihədir. Onun sözlərinə görə, layihəyə 40-yaxın qadın cəlb edilib: "Layihəyə cəlb edilən qadınlar xalça toxumaq sənətini mənimsəyirlər, bu da dünya platformasına çıxarılır. Biz layihə tamamlandıqdan sonra da işlərin davam etdirilməsi üçün layihəyə dəstək məqsədi ilə fond yaratmaq qərarına gəlmişik. Bu fonda iş adamlarının dəstəyi olacaq".

İkinci layihə barədə də məlumat verən K.Paşayeva qeyd edib ki, bu, multikulturalizm ilə bağlı bir layihədir. "Min melodiya, bir simfoniya" adlı layihə çərçivəsində qısa filmlər təqdim olunacaq. Bu layihənin ABŞ-da da təqdimatı keçiriləcək.

"Xəzər Tanzit Dəhlizi" barədə məlumat verən R.Kaya bu hesabatın hazırlanması ilə bağlı bir ildir fəaliyyət göstərildiyini bildirib. Onun sözlərinə görə, tranzit dəhlizinin həm Azərbaycan, həm də bölgəni necə inkişaf etdirəcəyi ilə bağlı təhlil aparılır: "Çin ilə Avropa arasında ticarətdə müxtəlif dəhlizlər istifadə olunur. Biz "Xəzər Tranzit Dəhlizi"nin daha əlverişli olduğunu ortaya qoymağa çalışdıq. Xarici ticarət 82% quru yolla həyata keçirilir. Bu isə ən bahalı yoldur. Dəmir yolu ticarəti bölgədə tam inkişaf etdirilməyib. Türkiyə ilə Çin arasında Xəzər Tranzit Dəhlizi həm qısa, həm də ucuz ola bilər. Bu yolla ölkələr iqtisadiyyatını şaxələndirə bilər. Neftin qiymətinin aşağı düşdüyü bir dövrdə iqtisadiyyatın şaxələndirilməsi daha vacibdir".

***

R.Kaya bildirib ki, Türkiyə, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanın qarşılıqlı ticarəti bu ölkələrin ümumi ticarət dövriyyəsinin 5%-ni təşkil edir.

O qeyd edib ki, bu ölkələr bir-birinə nə qədər yaxın olsalar da, infrastruktur çatışmazlığı, daşınma zamanı ortaya çıxan problemlər və yüksək qiymətlər səbəbindən mövcud potensialdan tam istifadə olunmur: "Türkiyə Azərbaycana ildə 2,9 mlrd. dollar həcmində məhsul ixrac edir. Azərbaycandan Türkiyəyə idxal isə o qədər yüksək deyil. Türkiyənin bu ölkələr arasında ən çox mal idxal etdiyi ölkə Qazaxıstandır. Hazırda Türkiyənin Çinlə ticarət dövriyyəsi ildə 24 mlrd. dollar təşkil edir və 2020-ci ildə bu göstəricinin 100 mlrd. dollara çatması gözlənilir. Bu ticarətdə "Xəzər Tranzit Dəhlizi" ilə daşınma daha qısa müddətdə və ucuz həyata keçirilə bilər. Bu dəhliz tranzit yolu üzərindəki ölkələrin iqtisadiyyatının şaxələndirilməsində önəmli rol oynaya bilər".

R.Kayanın fikrincə, bölgə ölkələrindən Azərbaycan Qazaxıstan və Türkmənistanla müqayisədə infrastruktur və liman layihələrini bitirən tək ölkədir.

Onun sözlərinə görə, Qazaxıstan və Türkmənistan da infrastruktur layihələrini tamamladıqda həm Xəzərdən keçid asanlaşacaq, həm də Türkiyə və Avropanın Çinlə ticarətində Xəzər üzərindən tranzitin payı artacaq.

"Bununla da, mövcud enerji dəhlizlərinin yanına logistika dəhlizi tam potensialı ilə qatılmış olacaq", - deyə R.Kaya əlavə edib.

Son xəbərlər

Orphus sistemi