Bakıda torpaq sahələri ucuzlaşıb

Bakıda torpaq sahələri ucuzlaşıb Dekabr ayında ən çox ucuzlaşma Binəqədi, Sabunçu və Səbail rayonlarında qeydə alınıb
İnfrastruktur
14 Yanvar , 2015 13:16
Bakıda torpaq sahələri ucuzlaşıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Bakı şəhərinin torpaq bazarında 2014-cü ilin dekabr ayında təklif portfeli azalaraq 248 ədəd təşkil edib ki, buna da səbəb qeyri-mövsümi aylarda torpaq bazarında aktivliyin azalması olub, bu da öz növbəsində qiymətin nisbətən azalmasına gətirib çıxarıb. "Report"un verdiyi xəbərə görə, bu barədə "MBA Consulting Group" qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun dekabr hesabatında bildirilir.

"MBA Consulting Group"un mütəxəssisləri tərəfindən torpaq bazarında aparılan müşahidələrin nəticəsinə görə, torpaq sahələrinin satış müddəti (ekspozisiyası) noyabr ayına nisbətən 2,38% artıb, bazara çıxarılan 1 sot torpağın orta qiyməti 2,77% azalaraq 19 476 dollar/sot səviyyəsindən 18 937 dollar/sot səviyyəsində qərarlaşıb.

Bakı şəhərinin rayonları üzrə qiymət azalması ən çox Binəqədi, Sabunçu və Səbail rayonlarında qeydə alınıb və müvafiq olaraq 6,51%, 7,44% və 5,46% təşkil edib.

Qeyd edək ki, ümumilikdə torpaq bazarında qiymət azalmasına baxmayaraq, Abşeron rayonunda torpağın qiymətində artım qeydə alınıb. "Bunu mərkəzi rayonlarda torpaq qıtlığının yaranması ilə izah etmək olar. Ümumilikdə, nəzərə alsaq ki, əhali arasında fərdi yaşayış evlərinə üstünlük verənlərin sayı artır, o zaman, mərkəzdən kənar rayonlarda torpaq sahələrinin qiymətinin artmasını bazara uyğun hesab etmək olar", - deyə şirkətdən bildirilib.

Dekabrda torpaq bazarında Abşeron rayonu istina olmaqla, digər rayonlarda passivlik müşahidə edilib. Qiymətlərin və torpağa olan tələbatın azalmasına uyğun olaraq, təklif portfelinin həcmində son ayda azalma müşahidə olunub.

Ay ərzində bazara təklif еdilən ən bahalı torpaq sahəsi Yasamal rayonunda, ən ucuz torpaq sahəsi isə Abşeron rayonunda, Müşfiqabad qəsəbəsində qеydə alınıb və müvafiq olaraq 290 000 dollar/sot və 510 dollar/sot təşkil edib.

Son xəbərlər

Orphus sistemi