Bakıda Milli Şəhər Qiymətləndirilməsi seminarı keçirilib

Bakıda Milli Şəhər Qiymətləndirilməsi seminarı keçirilib Tədbir Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunub
İnfrastruktur
3 Mart , 2016 14:58
Bakıda Milli Şəhər Qiymətləndirilməsi seminarı keçirilib

Bakı. 3 mart. REPORT.AZ/ Bu gün Bakıda beynəlxalq şəhərsalma üzrə mütəxəssis, ekspert, bir sıra nazirlik və digər dövlət orqanları, donor və QHT nümayəndələrinin iştirakı ilə Asiya İnkişaf Bankının (ADB) təşkil etdiyi Azərbaycan üzrə Milli Şəhər Qiymətləndirilməsi seminarı keçirilib. Bu barədə "Report"a ADB-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Seminar zamanı ölkənin şəhərsalma sistemi, inkişaf prioritetləri və çətin maliyyə mühitində şəhərsalma sahəsində investisiyalarının qoyulması müzakirə edilib.

Tədbirdə ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsini icra edən Keti Culian, Bankın şəhərsalma üzrə baş mütəxəssisi Sancay Joşi, ADB-nin şəhərsalma üzrə mütəxəssisi Ramola Naik Sinqru çıxış ediblər.

Məlumata görə, Azərbaycan üzrə Milli Şəhər Qiymətləndirilməsi ADB-in Azərbaycan üzrə 2014-2018-ci illər üçün Ölkə Tərəfdaşlıq Strategiyası, 2016-2018-ci illər üçün Ölkə üzrə Əməliyyatlar Biznes Planına və Azərbaycan hökumətinin “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası ilə uyğunlaşdırılıb.

Qeyd edək ki, ADB Azərbaycana şəhərsalma sektorunda yardımını kredit və texniki yardımlar vasitəsilə həyata keçirir. Bu sahə üçün birinci Su Təchizatı və Kanalizasiya layihəsi çərçivəsində 30 mln. ABŞ dolları və hazırda davam edən Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı üçün 600 mln. dollar həcmində kreditlər ayrılıb.

Texniki yardımlara geldikdə isə hazırda davam edən Bərk Tullantıların İdarə Olunması layihəsi və artıq başa çatan Bakı şəhəri üçün Dayanıqlı Nəqliyyat Proqramını göstərmək olar. Bundan başqa 2017-ci ildə ADB yeni texniki yardım çərcivəsində aparılacaq ikinci Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramının hazırlanmasını planlaşdırır.

Xatırladaq ki, mənzil-qərargahı Manilada yerləşən ADB iqtisadi inkişaf, ətraf mühitin davamlı inkişafı və regional inteqrasiya vasitəsilə Asiya və Sakit okean regionu üzrə yoxsulluğun azaldılmasına çalışır. 1966-cı ildə təsis olunan qurum region üzrə 48 olmaqla 67 üzvdən ibarətdir. ADB-in bu günə qədər Azərbaycana yardımı təstiq olunmuş kredit və ayrılmış qrantlarla birlikdə 2 mlrd. dollara bərabərdir.

Son xəbərlər

Orphus sistemi