Bakıda daha bir yol təmir olunur

Bakıda daha bir yol təmir olunur Ümumilikdə, küçənin təqribən 6 300 kv. metr ərazisinə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır
İnfrastruktur
11 Avqust , 2016 14:08
Bakıda daha bir yol təmir olunur

Bakı. 11 avqust. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonu Cəfər Xəndan küçəsinin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən hissəsində təmir işləri aparılır. “Report”un “Azəravtoyol” ASC-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, təmir olunan hissənin uzunluğu 700 metr, eni isə 9 metrdir.

Təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, sözügedən hissədə yeni yeraltı su və qaz xətləri çəkilir, digər mövcud xətlər isə bərpa olunur. Bundan başqa, şirkət tərəfindən səth sularının yolun hərəkət hissəsindən normal kənarlaşdırılmasını təmin etmək üçün yeni yağış-kanalizasiya sistemi yaradılır. Bütün bu işlər isə öz növbəsində gələcəkdə yolun hərəkət hissəsinin vaxtından əvvəl sıradan çıxmasını sığortalamış olacaq.

Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınır və yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir. Ümumilikdə, küçənin təqribən 6 300 kv. metr ərazisinə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

Küçə boyu vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə piyada səkiləri bərpa olunur, 1 400 poqon metr köhnə səki daşı yenisi ilə əvəz olunur. Həmçinin, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqlarının da yenilənməsi nəzərdə tutulub.

Qurumun verdiyi açıqlamada deyilir ki, sadalanan bütün bu işlər yekunlaşdıqdan sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, piyada zolaqları, yol cızgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Son xəbərlər

Orphus sistemi