Bakıda beynəlxalq gömrük konfransı keçirilir

Bakıda beynəlxalq gömrük konfransı keçirilir Tədbir gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramına həsr olunub
İnfrastruktur
8 Sentyabr , 2015 09:48
Bakıda beynəlxalq gömrük konfransı keçirilir

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) 10-cu illik PICARD (“Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı”) üçgünlük konfransı işə başlayıb.

“Report” xəbər verir ki, konfransda 53 ölkədən 241 nümayəndə, 21 beynəlxalq və regional təşkilatın nümayəndələri, o cümlədən, 3 Nobel mükafatçısı iştirak edirlər.

PICARD konfransının açılış mərasimində Azərbaycan baş nazirinin müavini Abid Şərifov, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev, ÜGT-nin baş katibi Kunio Mikuriya və Koreya Gömrük Xidmətinin sədr müavini Don-Hyunq Lin iştirak edir. Tədbiri giriş sözü ilə DGK-nin sədri A.Əliyev açıb. Daha sonra baş nazirin müavini A.Şərifov çıxış ediblər.

Tədbirin ilk günü Nobel mükafatı laureatı, Harvard Universitetinin professoru (ABŞ) Erik Maskin “Niyə qlobal bazarlar inkişaf etməkdə olan ölkələrdə bərabərsizliyi azalda bilmədi?” və Birləşmiş Krallığın Beynəlxalq Vergi və Tərəqqi Mərkəzinin baş direktoru Mik Mur “Beynəlxalq əməkdaşlıq: ticarət və vergilərin müqayisəsi” adlı əsas məruzə ilə çıxış edəcəyi gözlənilir.

Sonra konfrans “Gömrük əməkdaşlarının təşviq edilməsi amilləri” və “Qlobal dəyər zəncirləri” adlı sessiyalarla işini davam etdirəcək, bu bölmələr üzrə məruzələr dinləniləcək.

Sabah, sentyabrın 9-da isə konfransın sessiyaları “Gömrük sahəsində yeniliklər”, “Qlobal dəyər zəncirləri”, “Gəlir və tarif məsələləri”, “Saxtakarlıq və faktlar” məsələlərinə həsr olunacaq. Həmin gün əsas məruzə ilə Nobel mükafatı laureatı, ABŞ-ın Arizona Dövlət Universitetinin professoru Edvard K.Preskott çıxış edəcək.

Sentyabrın 10-da konfrans öz işini “Saxtakarlıq və faktlar”, “Mədəniyyət nümunələri üzərində mülkiyyət hüquqlarının qorunması”, “Gömrük risklərinin idarə edilməsi”, “Qeyri-formal ticarət” adlı sessiyalarla yekunlaşdıracaq. Həmin gün “Milli siyasi mühitin innovativ fəaliyyətə və kapitalın formalaşmasına təsiri” adlı əsas məruzə ilə Nobel mükafatı laureatı, Kaliforniya Universitetinin professoru Finn Kidland çıxış edəcək.

Sentyabrın 11-də isə Bakıda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Regional Ofisinin rəsmi açılış mərasimi gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi