​Bakıda bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyi ilə bağlı forum keçirilib - YENİLƏNİB

​Bakıda bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyi ilə bağlı forum keçirilib - YENİLƏNİB Tədbir torpaq münasibətlərinin tənzimlənməsində "bir pəncərə" sisteminin əhəmiyyətinə həsr olunub
İnfrastruktur
24 Noyabr , 2015 13:00
​Bakıda bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyi ilə bağlı forum keçirilib - YENİLƏNİB

İlk xəbər saat 12:27-də verilib

Bakı. 24 noyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün Bakıda "Torpaq münasibətlərinin tənzimlənməsində "bir pəncərə": bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyində optimal yanaşmalar" mövzusunda işgüzar forum keçirib. "Report" xəbər verir ki, forumda Komitənin Aparatı, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (DƏDRX), Torpaqların dövlət idarəetməsinin təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndələri, eləcə də 30-a yaxın şəhər və rayon bələdiyyəsinin sədrləri və media nümayəndələri iştirak ediblər.

Tədbirdə ƏMDK-nin sədr müavini Rafiq Cəlilov bildirib ki, forumun məqsədi torpaq münasibətlərinin tənzimlənməsində tətbiq edilən "bir pəncərə" prinsipinin mahiyyəti, bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyində əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandırmaqdır. Eyni zamanda, bələdiyyə torpaqlarının mülkiyyətə, icarəyə və istifadəyə verilməsində komitə, bələdiyyələr və aidiyyəti dövlət qurumları arasında fəaliyyətin əlaqələndirilməsi və əmlak məsələlərinin həlli yollarının birgə müzakirəsidir.

Sədr müavini bildirib ki, ölkə üzrə mülkiyyət hüquqlarının təmin olunmasında vətəndaş və bələdiyyə iştirakı tələb olunan bütün hüquqi əməliyyatlar bir ünvanda - DƏDRX-in müvafiq ərazi idarələrində aparılır. Belə ki, bələdiyyə və vətəndaşlara çıxarışların verilməsi, kadastr məsələləri, çöl-ölçmə işləri, texniki inventarlaşdırma, texniki sənədlərin tərtibi kimi işlər "bir pəncərə"də həll olunur. Eyni zamanda, bura torpaqların təyinatı, istifadəsi, icarəsi, mülkiyyətə verilməsi, kateqoriyasının dəyişdirilməsi kimi torpaq məsələlərində rəylərin alınması da aiddir. Artıq bələdiyyələr, vətəndaşlar, fiziki və hüquqi şəxslər onlara məxsus daşınmaz əmlakı və torpaq sahələrini yalnız bir ünvanda qeydiyyata aldıra bilirlər. Müraciətdən sonrakı proses DƏDRX-nin öz fəaliyyətini Komitənin digər qurumları ilə elektron qaydada əlaqələndirməklə həyata keçirilir.

Yeniliyin tətbiqi nəticəsində artıq bələdiyyələr də müvafiq torpaq sahəsinin göstəriciləri barədə rəyi də bir ünvana müraciət etməklə əldə edə bilir. Bələdiyyə torpağının mülkiyyətə, icarəyə və ya istifadəyə verilməsi zamanı bələdiyyə tərəfindən həmin torpaq sahəsinin hansı kateqoriyaya aid olması, iqtisadi qiymətləndirməsi, bontirovkası və digər göstəricilərlə bağlı rəyin alınması "bir pəncərə" qaydasında həll olunur.

Tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə "Bələdiyyə mülkiyyətinin və əmlakının qanunvericiliyə uyğun tənzimlənməsi" mövzusunda çıxış edib. O, bələdiyyə mülkiyyətinin qanunvericiliyə uyğun olaraq idarə edilməsi, dövlət reyestrində qeydiyyatının əhəmiyyəti, belə mülkiyyətin tənzimlənməsində aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi məsələlərinə toxunub. Tədbirdə, həmçinin torpaqların dövlət idarəetməsi, bələdiyyə mülkiyyəti ilə bağlı rəylərin verilməsi, torpaqların təyinatı məsələləri ilə bağlı çıxışlar dinlənilib və birgə müzakirələr aparılıb.

***

ƏMDK-nin sədr müavini Rafiq Cəlilov jurnalistlərə açıqlamasında bildirib ki, 2019-cu ilə qədər bütün ölkə üzrə torpaqların kadastr-uçotu hazırlanacaq: "May ayında əsasnaməmiz təsdiq edildikdən sonra Komitəyə bir sıra səlahiyyətlər verilib. İlkin olaraq, bütün ölkədə torpaqların elektron kadastr uçotunun yaradılması işinə başlanılıb və artıq bu sahədə iş gedir. Bütün ölkə üzrə torpaq sahələrinin təyinatı, sərhədləri, koordinatları, kateqoriyaları və digər iqtisadi göstəriciləri olmaqla bütün torpaqların uçotu qurulmalıdır.

"Bu işlər yaxın 2-3 ilə bitəcək. Artıq Bakı və Sumqayıtda torpaqların tam mükəmməl kadastrını qurmuşuq. Gəncə və Şəkidə bu proses 2016-cı ilin ortalarında başa çatacaq. Digər ərazilərdə isə 2019-cu ilə qədər bütövlükdə elektron kadastr-uçotu qurulacaq", - deyə sədr müavini qeyd edib.

Son xəbərlər

Orphus sistemi