Bakı Metropolitenində işə qəbul imtahanı keçirilib

Bakı Metropolitenində işə qəbul imtahanı keçirilib Bir neçə ixtisas üzrə vakant yerlərə qəbul prosesi davam edir
İnfrastruktur
16 Fevral , 2016 11:19
Bakı Metropolitenində işə qəbul imtahanı keçirilib

Bakı. 16 fevral. REPORT.AZ/ “Bakı Metropoliteni” QSC-nin Təlim-Tədris Mərkəzində müəssisənin mütəxəssislərindən ibarət kadr komissiyası tərəfindən işə qəbul imtahanı keçirilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin "Report"a verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətindən göndərişlə müraciət edən namizədlərin işə qəbulu yol elektriki, yol montyoru, yardımçı fəhlə, təmir üzrə çilingər, elektrik çilingəri və digər ixtisaslar üzrə aparılıb.

Qeyd edək ki, ilkin seçim mərhələsində müraciət edənlər vakansiyanın tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra imtahana buraxılıblar. İmtahanı müvəffəqiyyətlə keçən 63 nəfərlə qanunvericiliyə uyğun əmək və hüquq münasibətlərini tənzimləyən müqavilə rəsmiləşdirilib. 19 nəfər müraciət edən isə dəvət olunmalarına baxmayaraq, imtahanda iştirak etməyib.

İşə qəbul imtahanını uğurla keçən namizədlər “Bakı Metropoliteni”ndə ilk dəfə olaraq psixoloji testdən keçib.

Əlavə edək ki, xüsusi peşə ixtisasları, yəni sazlayıcı, sarğıçı, kabel lehimləyicisi, dolalayıcı, frezerçi, avtomobillərin təmiri üzrə çilingər ixtisasları üzrə işə qəbul prosesi hələ davam edir.

Son xəbərlər

Orphus sistemi