​“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı

​“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı Prezident İlham Əliyev sərəncam imzalayıb
İnfrastruktur
18 Mart , 2015 19:10
​“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yenidən təşkili yolu ilə Nəqliyyat Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus və Xəzər dənizinin Bakı şəhərinə aid akvatoriyasında liman xidmətləri göstərmək hüququna malik olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra “Cəmiyyət”) yaradılıb. Cəmiyyət Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.

Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərini aşağıdakı dövlət orqanlarının həyata keçirməsi müəyyən edilib: 

Azərbaycan Prezidenti

Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi və Cəmiyyətin Baş direktorunun vəzifəyə təyin və vəzifədən azad edilməsi.

Nazirlər Kabineti

Cəmiyyətin Nizamnaməsinin təsdiq edilməsi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, Nəqliyyat Nazirliyinin təklifləri əsasında Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən olunaraq təsdiq edilməsi, Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi.

Nəqliyyat Nazirliyi

Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi, Cəmiyyətin Baş direktorunun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi, Cəmiyyətin Təftiş Komissiyası üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, bu sərəncamda qeyd edilənlər istisna olmaqla, Mülki Məcəllə ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Əmlak Məsələləri Dövlət Komitəsi

Cəmiyyətin törəmə müəssisələrinin yaradılmasına, yenidən təşkilinə və ya ləğv edilməsinə, həmçinin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğv edilməsinə razılıq verilməsi.

Sərəncamla Nazirlər Kabinetinə Cəmiyyətin Nizamnaməsini iki ay müddətində Prezidentlə razılaşdıraraq təsdiq etməsi, Cəmiyyətin nizamnamə kapitalının formalaşdırılması üçün iki ay müddətində dövlət büdcəsindən zəruri maliyyə vəsaiti ayrılması məsələsini həll etməsi, Bakı şəhərinin Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində yeni Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi məqsədi ilə ayrılmış 400 hektar torpaq sahəsinin bir ay müddətində Cəmiyyətin daimi istifadəsinə, habelə kompleksin tikintisinin hər mərhələsi başa çatdıqdan sonra həmin kompleksin hazır hissələrinin bir ay müddətində Cəmiyyətin balansına verilməsini təmin etməsi, Nəqliyyat Nazirliyinin təkliflərini nəzərə almaqla, dəniz limanlarının fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, dəniz limanlarının sahibkarlıq fəaliyyətinin təşviqi, o cümlədən vergi və gömrük sahələrində stimullaşdırıcı tədbirlərin tətbiqi, habelə dəniz limanları ilə Dövlət Dəniz Administrasiyası arasında səmərəli səlahiyyət bölgüsü ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etməsi, Prezident aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etməsi, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat verməsi, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlaması və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməsi, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməsi.

Tarif (qiymət) Şurası Nəqliyyat Nazirliyinin təkliflərini nəzərə almaqla Cəmiyyətin fəaliyyətinə aid olan tariflərə yenidən baxaraq onları bir ay ərzində təsdiq etməlidir.

Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görməlidirlər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Son xəbərlər

Orphus sistemi