Bakı. 24 oktyabr. REPORT.AZ/ Ötən həftə intensiv yağışlardan sonra Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından Bakı Dairəvi-1 avtomobil yoluna birbaşa çıxışı təmin edən yolun çiyin hissəsində yaranmış çatlar artıq bərpa olunub.
"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, çatlar yolun Bakı Dairəvi-1 avtomobil yoluna birləşən hissəsində yaranmışdır.
"Azəravtoyol"un mütəxəssisləri məlumatı alan kimi əraziyə baxış keçiriblər. Məlum olub ki, yolun çiyin hissəsində səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş küvetlərin bəzi hissələrindən torpağa su sızır. Bu sızma nəticəsində həmin hissədə çiyinlərin tökmə torpaq layında yumuşalma yaranıb və asfalt-beton örtükdə çatlar əmələ gəlib. Dərhal bu barədə yolun inşasını həyata keçirən podratçı şirkətə məlumat verilib və sözügedən hissə qısa müddət ərzində bərpa olunub, torpağa su sızmasının qarşısı alınıb" - yol təsərrüfatı orqanının məlumatında qeyd edilir.