​Bakı aeroportunun sərnişin dövriyyəsi 27% artıb

​Bakı aeroportunun sərnişin dövriyyəsi 27% artıb Bu ilin yanvar-iyul aylarında Heydər Əliyev Beynəlxalq Hava Limanı 1,7 mln. sərnişinə xidmət göstərib
İnfrastruktur
5 Avqust , 2016 12:09
​Bakı aeroportunun sərnişin dövriyyəsi 27% artıb

Bakı. 5 avqust. REPORT.AZ/ Bu ilin iyul ayında Heydər Əliyev Beynəlxalq Hava Limanı 391 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27% çoxdur.

“Report”a “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən bildirilib ki, ümumilikdə, bu ilin ilk 7 ayı ərzində Bakı hava limanı 1,69 mln. sərnişinə xidmət göstərib. Bu müddət ərzində hava limanının yük terminalı vasitəsilə 8,9 mln. ton yük daşınıb ki, bunun da 88%-i yüklərin, 12%-i isə poçt göndərişlərinin payına düşür.

Məlumata əsasən, hava limanının sərnişin dövriyyəsinin əsas artımı beynəlxalq aviadaşımaların hesabına baş verib. “Azərbaycan Hava Yolları”nın daxili reyslərindən 302 min sərnişin istifadə edib (illik müqayisədə 8% artım). Həmin sərnişinlərin 292 mini Bakı-Naxçıvan marşrutunun payına düşür.

Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat Bakıdan İstanbul, Moskva və Dubaya olub. Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və BƏƏ hava yolları ümumilikdə il ərzində bu istiqamətlərdə təqribən 800 min sərnişin daşıyıb. Türkiyənin məşhur kurortları olan Antalya, Bodrum, İzmir və Dalamana sərnişin dövriyyəsi bu il ərzində 56,5 min nəfər təşkil edib.

Qeyd edək ki, Böyük Britaniyanın “Skytrax” konsaltinq şirkəti tərəfindən xidmət keyfiyyətinə görə AZAL 4 ulduza layiq görülüb. Heydər Əliyev Beynəlxalq Hava Limanı il ərzində 9 mln. sərnişinə xidmət göstərilməsi üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi