Babək prospektində yeni yol hissəsi salınıb

Babək prospektində yeni yol hissəsi salınıb Analoji işlər Xətai və Heydər Əliyev prospektlərinin kəsişməsində yerləşən yol ötürücüsünün alt hissəsində də görüləcək
İnfrastruktur
16 Sentyabr , 2015 16:22
Babək prospektində yeni yol hissəsi salınıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bakının Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən dairədə nəqliyyatın sıxlığının qarşısını almaq məqsədilə yeni yol hissəsi salınıb.

Azəryolservis” ASC-dən “Report”a verilən məlumata görə, artıq avtonəqliyyat vasitələri dairəyə daxil olmadan yeni yol hissəsindən istifadə etməklə geriyə dönmə əməliyyatını yerinə yetirərək hərəkətlərini davam etdirə bilərlər. Bundan öncə isə geri dönmə əməliyyatını həyata keçirmək üçün nəqliyyat vasitələri dairəyə daxil olurdular, digər istiqamətlərdən də bura nəqliyyat hərəkəti olduğu üçün günün pik saatlarında sözügedən ərazidə “tıxac” yaranırdı.

Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC tərəfindən Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində salınan yeni yol hissəsinin uzunluğu 33 metr, eni isə 11.5 metrdir. Yeni yol hissəsinin salınması ilə paralel olaraq ərazidə təmir-tikinti işləri də həyata keçirilib. Babək prospektinin dairəyə düşən və dairədən qalxan istiqamətlərində köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib. Ümumilikdə, yeni yol hissəsi də daxil olmaqla, ərazinin 4800 kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyü döşənib.

Təmir-tikinti işləri çərçivəsində əraziyə 535 paqonmetr yeni səki daşı düzülüb, səkilər, dairənin üstü və yol ötürücüsünün alt hissəsi abadlaşdırılaraq asfaltlanıb. Qeyd olunan ərazilərin ümumilikdə 3900 kvadratmetr sahəsi asfaltlanıb. Zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolun hərəkət hissəsinə üfiqi nişanlanma xətləri çəkilib.

Analoji işlərin Xətai və Heydər Əliyev prospektlərinin kəsişməsində yerləşən yol ötürücüsünün alt hissəsində də görülməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi