​Azərbaycanda tikinti xərcləri indikatoru kəskin artıb

​Azərbaycanda tikinti xərcləri indikatoru kəskin artıb İndeks 107,6%-ə çatıb
İnfrastruktur
18 Sentyabr , 2014 05:11
​Azərbaycanda tikinti xərcləri indikatoru kəskin artıb

Bakı. 18 sentyabr. REPORT.AZ/. Azərbaycanda tikinti xərcləri indikatoru (Construction Spending Indicator – CSI) 2014-cü ilin avqust ayı üzrə 107,6% təşkil edib. “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, iyulda həmin indikator 84,3%, iyunda isə 128,8% olub.

Nəticədə, CSI indikatoru artaraq yenidən müsbət zonaya keçib. İndikatorun 100%-dən yuxarı olması mənzil tikintisinə yönəldilən investisiyaların aylıq müqayisədə artmasını göstərir:

Cədvəldən göründüyü kimi, bu il investisiyaların maksimal göstəriciləri yay aylarında müşahidə olunub ki, bu da təbiidir, çünki isti ayların hava şəraiti tikinti işlərinin aparılması üçün əlverişlidir. Eyni zamanda, yanvar-fevral aylarında tikinti sahəsində hava ilə əlaqədar olaraq müəyyən durğunluq yaranır və investisiyalar minimuma enir. Lakin göründüyü kimi, bu, dekabr aylarında müşahidə olunmur, əksinə dekabrda mənzil tikintisinə yönəldilən vəsaitlərin həcmi kəskin artır və bu, əsasən müəyyən işlərin həmin ildə tamamlanması zərurətindən irəli gəlir.

Qeyd edək ki, CSI əsas makroiqtisadi indikatorlardan biridir. Bu indikator tikinti sahəsində fəallığı, bu sahəyə yönəldilən maliyyə vəsaitlərinin dinamikasını əks etdirir. Eyni zamanda, mənzil tikintisinə yönəldilən investisiyaların həcminin dinamikası tikinti ilə bağlı digər sahələr, o cümlədən məşğulluq, tikinti materialları bazarı və s. sahələrdə vəziyyəti də xarakterizə edir.

Ümumilikdə, 2014-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycanda mənzil tikintisinə 678,3 mln. manat həcmində investisiya qoyulub ki, bu illik müqayisədə 3,2% azdır. 

Son xəbərlər

Orphus sistemi