"Azərsu"da Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib

"Azərsu"da Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib ADB Azərbaycanda içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması layihələrinin maliyyələşdirilməsində iştirak etməkdə maraqlıdır
İnfrastruktur
12 Aprel , 2016 14:35
Azərsuda Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün “Azərsu” ASC-də Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Şon Sallivanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Report”un “Azərsu”ya istinadən verdiyi xəbərə görə, ASC-nin sədri Qorxmaz Hüseynov ADB-nin Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak etdiyini xatırladaraq, Bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində iştirakını yüksək qiymətləndirib. Sədr “Su təchizatı və kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində Göyçay şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tamamilə yenidən qurulduğunu qeyd edib: “Bu layihənin icrası nəticəsində əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşıb. Layihənin əhatə etdiyi Ağdaş və Beyləqan şəhərlərində isə tikinti-quraşdırma işləri yekunlaşma mərhələsindədir”.

ADB rəsmisi Ş.Sallivan “Su təchizatı və kanalizasiya İnvestisiya Proqramı”nın icrasından razı qaldığını bildirib: “Təmsil etdiyim bank bundan sonra da Azərbaycanda içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması layihələrinin maliyyələşdirilməsində iştirak etməkdə maraqlıdır”.

Görüşdə bu investisiya proqramının icrası və növbəti mərhələlərdə maliyyələşdiriləcək işlər haqqında ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycanın ADB ilə birgə maliyyələşdirdiyi “Şəhər su təchizatı və kanalizasiya layihəsi” və “Su təchizatı və kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində Göyçay, Ağdaş, Beyləqan və Ağcabədi şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur.

Bu layihə çərçivəsində Göyçay şəhərində su və kanalizasiya şəbəkələrin tikintisi başa çatıb, tullantı sutəmizləyici qurğunun tikintisinə hazırlıq gedir. Ağdaş və Beyləqan şəhərlərində tikinti-quraşdırma işlərinin böyük hissəsi yekunlaşıb. Ağcabədi şəhərində isə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender keçirilib, artıq bu il işlərə başlanılacaq.

Son xəbərlər

Orphus sistemi