Azərbaycanın "Vikinq qatarı" layihəsinə qoşulması haqqında protokol imzalanıb

Azərbaycanın "Vikinq qatarı" layihəsinə qoşulması haqqında protokol imzalanıb Bakıda müzakirə edilən tariflərin rəqabətədavamlı səviyyədə saxlanılması qərara alınıb
İnfrastruktur
13 May , 2016 17:59
Azərbaycanın Vikinq qatarı layihəsinə qoşulması haqqında protokol imzalanıb

Bakı. 13 may. REPORT.AZ/ Bakıda “Vikinq qatarı” (Viking Train) layihəsi iştirakçı şirkətlərinin nümayəndələrinin müşavirəsi keçirilib. 

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, tədbirin gündəliyinə "Vikinq" qatarının istismarı üzrə yekun işlər, "Vikinq" kombinə edilmiş qatar layihəsinin genişləndirilməsi və inkişaf perspektivləri, 2017-ci il üçün tarif şərtlərinin müzakirəsi, idxal-ixrac daşımaları və əlavə xidmətlər üçün tariflər, qatarın təşkili texnologiyasının aktuallaşdırılması, yeni Assosiasiyaya üzvlərin qəbulu üzrə razılaşmanın aktuallaşdırılması, qatarın hərəkəti üzrə keçiriləcək müşavirələrin reqlamentinin aktuallaşdırılması haqqında və digər məsələlər daxil edilib. 

İclasda “Azərbaycan Dəmir Yolları” QSC, “Litva Dəmir Yolları” SC, “Ukrayna Dəmir Yolları” SC, “Rumıniya dəmir yolu daşımaları Birliyi - Marfa” SC, “Gürcüstan Dəmir Yolları” SC, “Moldova Dəmir Yolları” Dövlət Şirkəti, “Bolqarıstan dəmir yolları yükdaşımaları” Vahid MMC-nin, “ADY Express” MMC və layihənin digər operator şirkətlərinin nümayəndələri iştirak ediblər.

Tədbirdə “Vikinq qatarı”nın istismarının nəticələrı, layihənin operator şirkətlərinin və dəmir yolu administrasiyalarının fəaliyyətinin hesabatları dinlənilib. Tərəflər bu qatar vasitəsi ilə yükdaşımalar haqqında statistik məlumatların mübadiləsini də aparıblar. Tədbir iştirakçıları yükdaşımaların artırılmasına dair fəaliyyət planı hazırlamaq haqqında razılığa da gəlib.

İclas iştirakçıları “Vikinq qatarı” layihəsinə qoşulmaq haqqında “Azərbaycan Dəmir Yolları” QSC-nin müraciətinə baxaraq razılığa gəlib və bununla bağlı müvafiq protokol imzalanıb.

Yığıncaqda müzakirə edilən tariflərin rəqabətə davamlı səviyyədə saxlanılması qərara alınıb. Bundan başqa, konteyner daşımalarının tətbiqini də nəzərdə tutan qərarlar qəbul olunub. Tədbir iştirakçıları digər texniki məsələlərlə yanaşı “Vikinq qatarı” layihəsinini inkişafını təmin etmək üçün əlaqələndirmə qurumunun yaradılmasını müzakirə edərək bu haqda təkliflərin hazırlanmasını zəruri hesab ediblər.

Xatırladaq ki, 2016-cı ilin mart ayında “Azərbaycan Dəmir Yolları” QSC və “ADY Express” MMC-nin səlahiyyətli şəxslərindən ibarət nümayəndə heyəti Litvada keçirilən görüşdə iştirak ediblər. Həmin görüş zamanı Azərbaycanın “Vikinq qatarı” layihəsində iştirakı, bu layihə çərçivəsində konteyner və ümumi yükdaşımaların həcminin artırılmasının perspektivləri müzakirə olunub. Bu layihə Baltikyanı ölkələrin Xəzər dənizi hövzəsinə çıxışını təmin etməklə yanaşı, Şərq (Orta Asiya və Çin) və Cənub (Fars körfəzi və Hindistan) istiqamətlərində və əksinə yüklərin daşınmasına geniş imkanlar yaradır. Şimali Avropa (Baltikyanı, Skandinaviya və s.) ölkələrinin İran, Pakistan, Hindistan və ərəb ölkələri ilə ticarət dövriyyəsini nəzərə alaraq, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi və onun bir hissəsi olan Astara-Rəşt-Qəzvin dəmir yolu xətti nəqliyyat sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsinə və tranzit yükdaşıma həcminin artmasına şərait yaradacaq.

Son xəbərlər

Orphus sistemi