Bakı. 17 iyun. REPORT.AZ/ "JCM Global" şirkəti (ABŞ) Azərbaycanda dəmir yolu stansiyalarında daha 1 000 ədəd "iPRO-RC" bilet satışı aparatı quraşdırmaq niyyətindədir. "Report"un şirkətin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu aparatlar 200-ə yaxın stansiyada qurşadırılacaq.
Məlumatda qeyd edilir ki, qurum artıq yeni Bakı-Xırdalan-Sumqayıt dəmir yolu xətti üzərində yerləşən 2 stansiyada 15 bilet satışı aparatı və 40 turniket quraşdırıb.
Şirkətin baş meneceri Payam Zade (Payam Zadeh) Bakı-Xırdalan-Sumqayıt dəmir yolu marşrutu kimi bir layihədə iştirak etməkdən məmnun olduqlarını deyib: "iPRO-RC" aparatları nəqliyyatda təhlükəsizlik, həcm və etibarlılıq baxımından beynəlxalq tələblərə tam cavab verir".
Şirkətdən verilən açıqlamaya görə, “iPRO-RC” aparatları qəpik probleminin həlli üçün də əhəmiyyətli rol oynayır.
Qeyd edək ki, “JCM Global” bank, pərakəndə ticarət, köşk və oyun sənayesi üçün dünyanın aparıcı əməliyyat texnologiyaları təchizatçısıdır.