Azərbaycanda torpaqların elektron kadastr sisteminin yaradılmasına başlanılıb

Azərbaycanda torpaqların elektron kadastr sisteminin yaradılmasına başlanılıb Bakıda "Daşınmaz əmlakın qeydiyyatı Layihəsi"nin yekunlaşması ilə bağlı təqdimat keçirilib
İnfrastruktur
23 Sentyabr , 2015 10:19
Azərbaycanda torpaqların elektron kadastr sisteminin yaradılmasına başlanılıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) arasında bağlanmış müqaviləyə əsasən icra olunmuş "Daşınmaz əmlakın qeydiyyatı Layihəsi”nin başa çatması ilə əlaqədar yekun ictimai təqdimat keçirib.

"Report" xəbər verir ki, tədbirdə Komitənin Aparatı və tabeli qurumlar, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Dünya Bankının Bakıya gəlmiş missiyasının nümayəndələri, Bankın Bakı ofisi, cəlb olunmuş tərəfdaş təşkilatlar və media nümayəndələri iştiak ediblər.

Tədbir 2007-ci ildən həyata keçirilən və bu il yekunlaşan Layihə çərçivəsində daşınmaz əmlakın qeydiyyatı və kadastrı, dövlət əmlakının idarə edilməsi və reyestri, torpaq kadastrı, informasiya kommunikasiya sistemlərinin qurulması, modern idarəetmə, hüquqi maarifləndirmə, daşınmaz əmlakın monitorinqi və qiymətləndirilməsi ilə bağlı görülən işlərə həsr olunub.

Komitə artıq torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması istiqamətində işlərə başlayıb. Hazırda təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların və daşınmaz əmlakların elektron kadastr uçotuna alınması həyata keçirilir. Bu il Bakı şəhərinin elektron kadastr məlumat bazasının yaradılmasını nəzərdə tutan layihə yekunlaşıb. Kadastr xidmətində ilk dəfə olaraq Bakı şəhərinin mükəmməl elektron kadastr məluamt bazası yaradılıb.

Tədbirdə DB-nin Azərbaycandakı nümayəndəliyinin başçısı Larisa Leşçenko Layihənin uğurla həyata keçirilməsi və yekunlaşması ilə bağlı məlumat verib, həmin müddətdə əldə olunan nəticələrə toxunub. Həmçinin, Bankın layihə menceri Viktoriya Stenli və İsveçrə İqtisadi Əməkdaşlıq Təşkilatının (SECO) Cənubi Qafqaz üzrə milli nümayəndəsi Zahir Əhmədov nəticələrdən danışıb.

Son xəbərlər

Orphus sistemi