Azərbaycanda respublika əhəmiyyətli avtomobil yolu yenidən bərpa edilir - FOTO

Azərbaycanda respublika əhəmiyyətli avtomobil yolu yenidən bərpa edilir - FOTO Yolda körpü və su keçirici qurğular inşa ediləcək
İnfrastruktur
7 Aprel , 2016 10:07
Azərbaycanda respublika əhəmiyyətli avtomobil yolu yenidən bərpa edilir - FOTO

Bakı. 7 aprel. REPORT. AZ/ Uzun illərdir bərbad vəziyyətdə olan Salyan-Şirvan yolu bərpa edilir. “Report”un məlumatına görə, ötən il əsaslı təmirinə başlanılan yolda sonradan müəyyən səbəblərdən fasilə yaranmışdı.

Yenidənqurma işlərinə Salyan-Şirvan magistralının 15-ci kilometrliyindən, yolun Salyan rayon ərazisindən keçən hissəsindən başlanılıb. Tikinti işlərini sürətli aparmaq üçün əraziyə 30-dan çox texnika cəlb olunub. Artıq yolun 5 kilometrdən çox hissəsinə asfalt döşənib. Daha 4 kilometr  ərazidə yolun torpaq yatağı hazırlanır. Ümumiyyətlə ölkənin Cənub rayonları ilə Şimal-Qərb bölgəsini birləşdirən yola 5 qat olmaqla 25 santimetr qalınlığında asfalt döşənəcək. Bu da ağır tonnajlı maşınların müntəzəm hərəkət etdiyi yolun uzun müddət istismarına imkan verəcək.

Respublika əhəmiyyətli yolun əsaslı təmir olunması rayonlara gediş-gəlişin yaxşılaşması ilə yanaşı, həm də Salyanın 20-dən çox kəndinə avtomobil əlaqəsini rahatlaşdıracaq. Ən əsası yoldan qalxan qatı tozun yaratdığı çətinliklər aradan qalxacaq ki, bu da öz növbəsində sakinlərin sağlamlığına müsbət təsir göstərəcək. Eyni zamanda yenilənən yol əhalinin maddi durumunun yaxşılaşmasınada kömək olacaq.

Müasir tələblərə uyğun əsaslı təmir edilən Salyan-Şirvan yolunun 9 metrinə asfalt döşənməklə eni 13 metr olacaq. Uzunluğu 34 kilometrə çatan magistralı yağış və sel sularından qorumaq üçün yol boyu ehtiyac olan yerlərdə körpü və su keçirici qurğular inşa ediləcək. 

Son xəbərlər

Orphus sistemi