Ekspert: "Azərbaycanda keyfiyyətli ofislərə üstünlük verilmir"

Ekspert: "Azərbaycanda keyfiyyətli ofislərə üstünlük verilmir" Bazarda istehlakçılar ilk öncə qiymət amilinə diqqət yetirir
İnfrastruktur
30 Noyabr , 2015 15:59
Ekspert: Azərbaycanda keyfiyyətli ofislərə üstünlük verilmir

Bakı. 30 noyabr. REPORT.AZ/ Bakı şəhərində 2013-cü ilin əvvəlindən indiyədək olduqca böyük ofis sahələri istismara verilib. "Report" xəbər verir ki, bunu “Azerbaijan Property Solutions” şirkətinin nümayəndəsi Rəsul Məmmədov bildirib.

"Təxmini hesablamalara görə, 170 min kv. metrdən artıq ofis sahəsi icarəyə verilib. Bunun 120 min kv. metri "A" sinfinə aidir. Amma bu gün Bakıda yalnız bir obyekt sırf "A" sinfin standartlarına cavab verir ki, bu da "Port Baku Towers" binasıdır. Düzdür, mərkəzdə çoxlu gözəl binalar var, amma təəssüf ki, onların heç də hamısı real olaraq "A" sinfinə aid deyil", - R.Məmmədov deyib.

Paytaxtın daşınmaz əmlak bazarının bu seqmentində son dövrdə müşahidə olunan tendensiyadan danışan ekspert bildirib ki, indi iri şirkətlər bütöv binanı alır və ya icarəyə götürür: "Məsələn, bu yaxınlarda "Access Bank" 8 min kv. metrlik ofis sahəsini "Natavan" Biznes Mərkəzində icarəyə götürüb. Bundan başqa, "AGBank" 9 min kv. metrə yaxın sahəni, habelə BP şirkəti "Port Baku Towers"də böyük bir sahəni icarəyə götürüb".

Şirkət nümayəndəsi bu sahədə yaranan irəliləyişlərlə yanaşı, problemləri də qeyd edib. Onun sözlərinə görə, ofis qismində seçilən mənzillər bazarda qiymətlərə təsir göstərir: "Ümumilikdə qeyd edim ki, şəhərdə 37 biznes mərkəzi var. Onlardan 19-nun "A" sinfinə aid olduğu deyilir. Bu cür ofislərin aylıq icarə qiyməti 1 kv. metr üçün təxminən 35-37 manat təşkil edir. "B-C" sinfinin qiymətləri isə 23-25 manat arasında dəyişir. Lakin bu gün tendensiya göstərir ki, bizim istehlakçılar ilk növbədə qiymət amilinə fikir verirlər. Keyfiyyət ikinci plana keçir. "A" sinfinə əsasən neft-qaz sahəsi üzrə ixtisaslaşan şirkətlər, beynəlxalq təşkilatlar üstünlük verir. Buna baxmayaraq, hesab edirəm ki, təhlükəsizlik və keyfiyyət baxımından "A" sinfinə aid ofislərə ehtiyacımız var", - R.Məmmədov qeyd edib.

Son xəbərlər

Orphus sistemi