Azərbaycanda ekspertizadan keçirilməyən tikinti layihələri müəyyənləşib

Azərbaycanda ekspertizadan keçirilməyən tikinti layihələri müəyyənləşib Azərbaycanda tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları təsdiq edilib
İnfrastruktur
18 Noyabr , 2014 11:21
Azərbaycanda ekspertizadan keçirilməyən tikinti layihələri müəyyənləşib

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nı təsdiq edib.

"Report"un xəbərinə görə, bu qaydalar Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi nəzdində fəaliyyət göstərən Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən müəyyən obyektin tikintisi (inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əsasən hazırlanmış tikinti layihəsinin ekspertizadan keçirilməsi mexanizmini müəyyən edir.

Qaydalara əsasən, ekspertizadan keçirilməsi tələb olunan tikinti layihələri tikintisinə icazə tələb olunan obyektlərin tikinti layihələri – şəhərsalma və tikintiyə dair normativ sənədlərin, o cümlədən yanğın təhlükəsizliyi tələblərinə uyğunluğunun yoxlanılması, dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlərin layihə və smeta sənədləri, həm də həmin tikinti obyektlərinə ayrılmış vəsaitlərdən səmərəli istifadənin qiymətləndirilməsi, mürəkkəb-texniki və ya təhlükə potensiallı obyektlərin, komplekslərin və bu qəbildən olan başqa tikinti obyektlərinin sökülməsi ilə bağlı tərtib olunmuş tikinti layihələrinin tikinti (söküntü) işlərinin təşkili bölməsi ekspertizadan keçirilməlidir.

Bundan əlavə, insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan birmərtəbəli, aşırımının uzunluğu ən çoxu 6 metr olan tikinti obyektlərinin layihələri, sanitar-mühafizə zonalarının ayrılmasını tələb etməyən və ya mövcud sanitar-mühafizə zonalarından istifadə olunması şərtilə tikilməsi nəzərdə tutulan istehsalat təyinatlı, sahəsi ən çoxu 1 000 kv. metr, hündürlüyü və aşırımının uzunluğu ən çoxu 6 metr olan birmərtəbəli tikinti obyektlərinin layihələri, mövcud tikinti obyektlərinə və (və ya) onların hissələrinə həmin obyektlərin konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir etməyən və icazə verilmiş tikintinin parametrlərini keçməyən dəyişikliklərin edilməsi barədə tikinti, təkrar istifadə olunan və ya birtipli layihələr əsasında həmin layihələrdə nəzərdə tutulmuş şəraitə (qrunt, iqlim şəraiti, seysmik rayonlaşdırma və digər) uyğun zonalarda inşa ediləcək tikinti obyektlərinin layihələrinin sıfır səviyyəsindən yuxarı hissəsi, habelə tikinti obyektlərinə onların konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir göstərməyən dəyişikliklərin edilməsi barədə layihələrin ekspertizadan keçirilməsi tələb olunmur.

Eyni zamanda, sifarişçinin tikintiyə icazə icraatı çərçivəsində təqdim etdiyi sənədlərin tamlığı yerli icra hakimiyyəti orqanı tikinti layihələrini ekspertizadan keçirilməsi üçün ekspertiza müəssisəsinə göndərir.

Ekspertizadan keçirilməsi üçün təqdim olunan tikinti layihəsinə layihəçinin xüsusi razılığının (lisenziyası) surəti, izahat yazısı (obyekt haqqında müfəssəl məlumat), tikinti layihəsinin hazırlanması zamanı istifadə olunmuş şəhərsalma və tikintiyə dair normativ sənədlərin layihəçi tərəfindən təsdiq edilmiş siyahısı, təchizat müəssisələri tərəfindən verilmiş texniki şərtlər tələb olunur.

Qaydalara əsasən, təqdim edilmiş sənədlər natamam olduqda, ekspertiza müəssisəsi sifarişçiyə və müvafiq yerli icra hakimiyyəti orqanına bu barədə məlumat verir və sənədlərin tamlığının təmin olunması üçün 5 gün müddət təyin edir.

Tikinti layihələrinin ekspertizadan keçirilməsi ilə bağlı xərcləri ekspertiza müəssisəsi ilə sifarişçi arasında bağlanmış müqavilə əsasında sifarişçi ödəyir. Ekspertiza xərcləri sifarişçi tərəfindən, ekspertizanın nəticəsinə dair ekspert rəyinin məzmunundan asılı olmayaraq ödənilir.

Nazirlər Kabinetinə bununla bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edilməsi tapşırılıb.

Son xəbərlər

Orphus sistemi