Azərbaycanda daşınmaz əmlakın kadastrının tərtibi ilə bağlı işlər sürətləndirilib

Azərbaycanda daşınmaz əmlakın kadastrının tərtibi ilə bağlı işlər sürətləndirilib Layihə ərazisindəki daşınmaz əmlakın sahibliyi, yəni dövlət, xüsusi və bələdiyyə mülkiyyəti dəqiqləşəcək
İnfrastruktur
21 Aprel , 2015 12:03
Azərbaycanda daşınmaz əmlakın kadastrının tərtibi ilə bağlı işlər sürətləndirilib

Bakı. 21 aprel. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi son illər Azərbaycanda daşınmaz əmlakın kadastrının tərtibi, ölkə üzrə daşınmaz əmlakın elektron kadastr məlumat bazasının yaradılması ilə bağlı işləri sürətləndirib.

Komitədən “Report”a verilən məlumata görə, hazırda Gəncə şəhəri və Şəki rayonunun bütün ərazisini əhatə edən “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” Layihəsinin icrası davam etdirilir. Layihənin əsas hədəfi layihə ərazisində bütün daşınmaz əmlakların kadastrının tərtibi, habelə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatında xidmət səviyyəsinin artırılması üçün rəqəmsal kadastr bazasının təmin edilməsidir.

Bu məqsədlə layihə ərazilərində torpaq sahələri yüksək dəqiqliyə malik müasir avadanlıqlarla ölçülür, pay torpaqlarının və həyətyanı sahələrin faktiki ölçüləri və sərhədləri dəqiqləşdirilir. Ümumilikdə 255 min hektar ərazini əhatə edən Layihənin icrasına 2013-cü ilin oktyabrından başlanılıb və 2016-cı ilin aprelinə yekunlaşdırılması nəzərdə tutulur.

Layihə ərazisində bütün növ daşınmaz əmlak – çoxmənzilli binalar, mənzillər, fərdi evlər, həyətyanı torpaq sahələri, pay torpaqları, kommersiya, istehsal və kənd təsərrüfatı obyektləri mövcuddur.

Layihə çərçivəsində aparılan dəqiq ölçmələr nəticəsində çatışmazlıqlar aradan qaldırılır. Bu ölçmələrin dəqiqliyi və etibarlılığını təmin etmək üçün 17 dəst mərzçəkmə avadanlığı, eləcə də, 13 ədəd qrafik çöl kompyuteri (planşet) ilə Penmap proqram alınıb. Ölçmə işlərinin dəqiqliklə aparılması torpaq sahələrinin sərhədlərini dəqiq (10-30 sm) müəyyən etməyə imkan verir.

Layihənin nəticəsi imkan verəcək ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün lazım olan müddət minimuma endirilsin. Rəqəmsal kadastr xəritələri bir çox hallarda qeydiyyat məqsədləri üçün kadastr ölçmə işlərinin çölə çıxmadan kameral şəraitdə icra edilməsinə imkan yaradacaq. Əmlak sahibləri üçün layihənin faydası ondan ibarətdir ki, əmlakın qeydiyyatı zamanı onun hüquqi təhlükəsizliyi təmin olunur. Torpaq sahələri üzrə sərhədlər dəqiqləşdirilir. Elektron kadastr məlumat bazası şəhərin planlaşdırılması üçün təməl sənədlər bazasıdır. Layihə nəticəsində torpaqlardan istifadə üçün planlaşdırma imkanı yaranacaq, şəhər təsərrüfatının idarə edilməsi işi təkmilləşəcək.

"Kadastr və daşınmaz əmlakın qeydiyyatı" Layihəsinin icrasında özəl mərzçəkən kadastr mühəndisləri və şirkətləri cəlb edilib. Bu proses mərzçəkənlər qurumunun formalaşması üçün başlanğıc olacaq.

Layihə nəticəsində Gəncə və Şəkinin timsalında ölkə tarixində ilk dəfə olaraq sistematik kadastr ölçmələri sayəsində hüquqların qeydiyyatı üçün davamlı kadastr məlumat bazası və rəqəmsal kadastr xəritəsi yaradılacaq. Bununla, layihə ərazisindəki daşınmaz əmlak sahibliyi, yəni dövlət, xüsusi və bələdiyyə mülkiyyəti dəqiqləşəcək.

Son xəbərlər

Orphus sistemi