Azərbaycan və Yaponiya sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzalayacaq

Azərbaycan və Yaponiya sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzalayacaq Bu il Yaponiyada Azərbaycan iqtisadiyyatı ilə bağlı seminarın təşkili planlaşdırılır
İnfrastruktur
9 Fevral , 2015 18:02
Azərbaycan və Yaponiya sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzalayacaq

Bakı. 9 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Yaponiya Nazirlər Kabinetinin müşaviri, İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyində emal sənayesi bürosunun baş direktoru Atsuo Kurodonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

“Report” İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Ş.Mustafayev ölkədə dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksinin yaradıldığını və bu sahədə Yaponiyanın “Marubeni Corporation” şirkətinin Azərbaycan tərəfinə məsləhət xidməti göstərdiyini qeyd edib.

Azərbaycanda sənaye parklarının fəaliyyətinin tam təşkili istiqamətində işlərin aparıldığını vurğulayan nazir burada Yaponiya şirkətlərinin iştirakını və bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Bildirilib ki, kənd təsərrüfatı məhsullarının emalı və qablaşdırılması, iş adamları arasında əlaqələrin intensivləşdirilməsi, bu sahədə Azərbaycan və Yaponiyanın ixracın və investisiyaların təşviqi qurumları arasında əməkdaşlıq üçün geniş imkanlar var. Azərbaycan və Yaponiya hökumətləri arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişin imzalanması iqtisadi əlaqələrin gələcək inkişafı baxımından əhəmiyyətlidir və bu sahədə işlərin sürətləndirməsi məqsədə uyğundur. Artıq saziş layihəsi Yaponiya tərəfinə təqdim edilib.

Yaponiyalı qonaq ikitərəfli əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu bildirib və iş adamları arasında əlaqələr daha da genişləndiriləcəyi təqdirdə Yaponiya İnvestisiya Bankının bu əməkdaşlığa dəstək göstərə biləcəyini qeyd edib. A.Kurodo iş adamları arasında əlaqələrin genişləndirilməsi baxımından 2015-ci ildə yapon biznesmenləri üçün Azərbaycan iqtisadiyyatı barədə seminarın təşkili niyyətində olduqlarını da bildirib.

Son xəbərlər

Orphus sistemi