Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycanda 2014-cü il ərzində 1 861 ədəd minik avtomobili istehsal olunub.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat ilində yük avtomobili istehsalı 284 ədəd, kotan 942, traktor 1265 ədəd təşkil edib. Beləliklə, 2013-cü illə müqayisədə minik avtomobili istehsalında 4,4 dəfə, yük avtomobilləri üzrə 15,4%, kotan üzrə 33,4%, traktor üzrə isə 71,2% artım qeydə alınıb.
Qeyd edək ki, hazırda Azərbaycanda avtomobil istehsalı Naxçıvan, Gəncə şəhərləri və Şamaxı rayonunda həyata keçirilir.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2014-cü il ərzində Azərbaycana 63 638 avtonəqliyyat vasitəsi gətirilib. Son bir ildə avtomobillərin idxalı 39,3% azalıb. Hesabat ilində ölkəyə idxal olunan nəqliyyat vasitələrinin 90,9%-ni və ya 57 615 ədədini əsasən adamların daşınması üçün nəzərədə tutulmuş minik avtomobillləri və digər motorlu nəqliyyat vasitələri təşkil edib. Bu avtomobillərin ölkəyə idxalında illik 39% azalma qeydə alınıb.
Beləliklə, ötən il ərzində Azərbaycana minik avtomobili idxalı ölkədəki istehsalı təxminən 31 dəfə üstələyib.