Azərbaycan-İran sərhəd-keçid məntəqələri fasiləsiz işləyəcək

Azərbaycan-İran sərhəd-keçid məntəqələri fasiləsiz işləyəcək Gömrük və sərhəd keçid proseduralarının sadələşdirilməsi məqsədi ilə müzakirələrin aparılması razılaşdırılıb
İnfrastruktur
10 Oktyabr , 2015 11:31
Azərbaycan-İran sərhəd-keçid məntəqələri fasiləsiz işləyəcək

Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycan-İran dövlət sərhədində yerləşən Biləsuvar və Astara sərhəd-keçid məntəqələri 24 saat fasiləsiz işləyəcək.

"Report" İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər verir ki, bu barədə oktyabrın 9-da Azərbaycanın Astara şəhərində iqtisadiyyat və sənaye naziri, Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə keçirdiyi görüşdə razılıq əldə olunub.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin müzakirə olunduğu görüşdə bu dəhlizlə bağlı dəmir yolu xətlərinin əlaqələndirilməsi, Azərbaycan-İran sərhədində müvafiq infrastrukturun yaradılması istiqamətində tədbirlərin müzakirə edilməsi məqsədi ilə işçi qruplarının yaradılması barədə razılığa gəlinib.

Bu tədbirlər Azərbaycan və İran ərazilərində sərhədyanı dəmir yolu xətlərinin çəkilməsini, sərhəd körpüsünün birgə tikintisini, habelə yükaşırma terminalının tikintisini nəzərdə tutur. Görüşdə həmçinin, gömrük və sərhəd keçid proseduralarının sadələşdirilməsi məqsədi ilə müzakirələrin aparılması barədə də razılığa gəlinib.

Nazir Ş.Mustafayev Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini, ötən il dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin əməkdaşlığın genişlənməsində əhəmiyyətini qeyd edib.

Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ilin aprelində İrana rəsmi səfərindən sonra ölkələr arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub, bu səfərdən sonra 45 qarşılıqlı səfər həyata keçirilib, 22 sənəd imzalanıb. Vurğulanıb ki, ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyəsi və geniş müqavilə-hüquqi baza, eləcə də Dövlət Komissiyasının fəaliyyəti iqtisadi münasibətlərin inkişafına böyük imkanlar yaradır. Azərbaycan və İran arasında müxtəlif sahələr üzrə işçi qrupları da fəaliyyət göstərir, birgə biznes-forum, işgüzar görüş və sərgilər təşkil olunur. İran Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Bununla belə, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.

Görüşdə Ş.Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb.

Qarşılıqlı səfərlərin və keçirilən görüşlərin iki ölkə arasında əlaqələrin və əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayan Ş.Mustafayev bu dəfəki görüşlərdə əsas məqsədin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı müzakirələrin aparılması olduğunu qeyd edib. Hazırda Azərbaycanla İran arasında dəmir yolu xətlərinin birləşməsi olmadığından yüklər sərhəd-keçid məntəqələrindən avtomobil nəqliyyatı ilə daşınır. Bildirilib ki, Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə dair sazişə qoşulub. Bu dəhliz böyük siyasi və iqtisadi əhəmiyyətə malik olmaqla, yük və sərnişin daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradacaq, Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi həmçinin, Azərbaycan və İranın tranzit potensialının daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

İranlı nazir, Dövlət Komissiyasının həmsədri M.Vaezi isə iki ölkə arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin, keçirilmiş yüksək səviyyəli görüşlərin Azərbaycan-İran əlaqələrinin inkişafına təkan verdiyini diqqətə çatdırıb. İqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayan qonaq Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin xüsusi önəmini qeyd edib, bu dəhliz vasitəsilə daşımaların əhəmiyyətli dərəcədə artacağını bildirib.

Nümayəndə heyətləri Azərbaycan və İran tərəfində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsinə baxış keçiriblər.

Qeyd edək ki, görüşdə Azərbaycan tərəfindən Xarici İşlər və Nəqliyyat nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, “Azərbaycan Dəmir Yolları” QSC, İran tərəfindən isə aidiyyəti qurumların yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi