“YUĞ” Teatrı yeni məkanda fəaliyyətə başlayıb

“YUĞ” Teatrı yeni məkanda fəaliyyətə başlayıb Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev teatrın kollektivi ilə görüşüb
İncəsənət
4 Fevral , 2016 09:21
“YUĞ” Teatrı yeni məkanda fəaliyyətə başlayıb

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Kukla Teatrında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev “YUĞ” Dövlət Teatrının kollektivi və Kukla Teatrının rəhbər işçilərinin iştirakı ilə toplantı keçirib.

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nazirlər Kabinetinin 11.11.2015-ci il tarixli, 358 nömrəli qərarı ilə dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə torpağın və daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınan ərazidə yerləşən M.A.Əliyev küçəsi (sağ və sol) və M.F.Axundov döngəsi boyunca yolun tikintisi işlərinə başlanılıb. Azərbaycan Dövlət “YUĞ” Teatrının binası yol qovşağının ərazisinə daxil olduğu üçün sökülən binaların siyahısına salınıb. Bununla bağlı teatrın kollektivi 2016-cı il fevral ayının 1-dən Azərbaycan Dövlət Kukla Teatrının binasında yerləşdirilib. Kukla Teatrının rəhbərliyi “YUĞ” Teatrının peşəkar səviyyədə tam qüvvəsi ilə fəaliyyət göstərməsi üçün lazımi şərait yaradıb. Tamaşalar Kukla Teatrının əsas və kiçik səhnəsində nümayiş olunacaq.

Toplantı zamanı nazir müavini Ə.Vəliyev məsələnin mahiyyətini bütün təfsilatı ilə kollektiv üzvlərinə açıqlayıb, yaradıcı heyəti teatrın bundan sonrakı fəaliyyəti ilə bağlı narahat edən və gündəmdə olan suallara cavab verib.

Görüş zamanı tamaşaların hazırlanması və istismarı prosesində ortaya çıxacaq bütün məsələlər ətraflı müzakirə olunub. Teatrın kollektivi son vaxtlar onları narahat edən məsələlərə tam aydınlıq gətirildiyi üçün Mədəniyyət və Turizm Nazirliyinə öz minnətdarlıqlarını bildirib. “YUĞ” Teatrı tezliklə yeni məkanda tamaşalarını teatrsevərlərə təqdim edəcək.

Son xəbərlər

Orphus sistemi