Bakıda "Youth vision" beynəlxalq mahnı müsabiqəsi keçirilir - FOTO

Bakıda "Youth vision" beynəlxalq mahnı müsabiqəsi keçirilir - FOTO Dünya şöhrətli müğənni İnqrid: "Burada olmaqdan çox məmnunam"
İncəsənət
24 İyun , 2016 20:33
Bakıda Youth vision beynəlxalq mahnı müsabiqəsi keçirilir - FOTO

Bakı. 24 iyun. REPORT.AZ/ Heydər Əliyev Sarayında "Həmişə gənc" şüarı altında "Youth vision" beynəlxalq mahnı müsabiqəsi keçirilir.

"Report" xəbər verir ki, gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, bu layihə Azərbaycanda icra olunur: "Məqsəd Azərbaycanda potensialı olan istedadlı gəncləri üzə çıxarmaqdır. Avroviziyadan fərqli olaraq bu yarışmanın əhatə dairəsi daha genişdir. Yarışmada 20-dən çox ölkənin nümayəndələri iştirak edir. Yarışma hər il ənənəvi olaraq Azərbaycanda keçirilir. Gələn il də yarışma Bakıda keçiriləcək".

Müsabiqədə qonaq kimi iştirak edən italyan əslli dünya şöhrətli müğənni İnqrid yarışmanın müsbət tərəflərini önə çəkib: "Burada olmaqdan çox məmnunam. Bu yarışma indidən mənim favoritimdir. İnanıram ki, bu, gələcəkdə böyük kütlələrə xitab edəcək". 

Gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov müsabiqənin açılışında çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.

Rəsmi hissə bitdikdən sonra İnqrid səhnəyə dəvət edilib.

Ümumiyyətlə, müsabiqənin həyata keçirilməsi təşəbbüsü Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına məxsusdur. Yarışmanı İttifaqla birgə Gənclər və İdman Nazirliyi keçirir. Müsabiqə ilə bağlı youthvision.az saytı yaradılıb. Müsabiqədə iştirak edəcək iştirakçılar, münsiflər sayt vasitəsilə qeydiyyatdan keçərək müvafiq sənədləri doldurub, ifa olunacaq mahnıları təşkilat komitəsinə təqdim edib.

Təşkilat komitəsi tərəfindən seçilən ən yaxşı ifaçılara müsabiqədə iştirak üçün dəvət məktubu göndərilib. Müsabiqəyə iştirakçı münsif onları müşayiət edən şəxs qismində 72 nəfər nümayəndə gəlib.

Müsabiqədə Azərbaycan, Albaniya, Almaniya, Belarus, Braziliya, Finlandiya, Gürcüstan, Böyük Britaniya, İordaniya, İsrail, İran, İtaliya, Kolumbiya, Litva, Latviya, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstan dövlətlərinin gənc ifaçı və münsifləri iştirak edir.

Müsabiqənin ümumi mükafat fondu 6 min dollardır. Müsabiqənin keçirilməsinə 150 min manat vəsait sərf olunması nəzərdə tutulub. Yol xərcləri müsabiqədə iştirak edəcək iştirakçı və münsiflər tərəfindən ödənilir. 

Son xəbərlər

Orphus sistemi