"Xeyirlə Şərin rəqsi" filminin təqdimatı keçiriləcək

"Xeyirlə Şərin rəqsi" filminin təqdimatı keçiriləcək Filmin ilk nümayişi mayın 27-də Nizami Kino Mərkəzində olacaq
İncəsənət
18 Aprel , 2016 09:22
Xeyirlə Şərin rəqsi filminin təqdimatı keçiriləcək

Bakı. 18 aprel. REPORT.AZ/ Nizami Kino Mərkəzində mayın 27-də rejissor Yavər Rzayevin ekranlaşdırdığı "Xeyirlə Şərin rəqsi" filminin ilk nümayişi olacaq.

Bu barədə "Report"a filmin rejissoru, əməkdar incəsənət xadimi Yavər Rzayev məlumat verib. 

Y.Rzayev qeyd edib ki, filmin çəkiliş prosesindən və baş rolun ifaçısı müğənni İlqar Muradovun yaratdığı Dronqo obrazından razıdır: "Filmin çəkilişləri başa çatıb. Treylerini təqdim etmişik. Mayın 27-də filmi tamaşaçılara təqdim edəcəyik. Ekran əsərinin əsas qəhramanı olan Dronqo obrazını əməkdar artist, müğənni İlqar Muradov canlandırıb. Onun oyunundan çox razı qalmışam. Düşünürəm ki, İlqar Muradovun yaratdığı Dronqo obrazını tamaşaçılar da sevəcək."

Xatırladaq ki, "Xeyirlə Şərin rəqsi" filmi Azərbaycanın tanınmış dedektiv yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin "Quba kapriççiosu" romanı əsasında ekranlaşdırılıb.

Filmin quruluşçu rejissoru Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nasirov, bəstəkarı Siyavuş Kərimi, icraçı prodüsseri Nadir Əliyev, prodüsseri Müşfiq Hətəmovdur.

Filmin çəkilişləri Bakı və Qubada aparılıb.

Ekran əsərində Dronqo obrazını əməkdar artist İlqar Muradov canlandırır. Digər rolları xalq artistlər Məbud Məhərrəmov və Şükufə Yusupova, əməkdar artistlər Qurban İsmayılov, Ayşad Məmmədov, Şövqi Hüseynov, aktyorlar Əjdər Zeynalov, Rasim Cəfərov, Münəvvər Əliyeva və digərləri ifa edir. 

Son xəbərlər

Orphus sistemi