Xalq artisti teatrla vidalaşır

Xalq artisti teatrla vidalaşır Kamilla Hüseynova sonuncu tamaşasında çıxış edəcək
İncəsənət
3 May , 2016 12:30
Xalq artisti teatrla vidalaşır

Bakı. 3 may. REPORT.AZ/ Milli balet sənətimizin yeni nəslinin istedadlı nümayəndəsi, xalq artisti, Azərbaycan Prezidentinin fəxri mükafatçısı, “Qızıl dərviş” və “Zirvə” mükafatlarının laureatı Kamilla Hüseynova mayın 11-də N.Rimski-Korsakovun “Şəhrizad” baletinin tamaşasında Zübeydə rolunda sonuncu dəfə səhnəyə çıxacaq.

Bu barədə “Report”a Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından məlumat verilib.

1996-cı ildə Bakı Xoreoqrafiya Məktəbinin məzunu kimi Opera və Balet Teatrının balet truppasına qəbul edilən Kamilla 20 il ərzində truppanın aparıcı solisti olaraq onun yükünü çiyinlərində daşıyıb, repertuarda olan bütün milli və klassik tamaşalarda əsas partiyaları yüksək ustalıqla ifa edib.

Azərbaycanlı baletsevərlərlə yanaşı onun çıxışlarını bir sıra xarici ölkələrin teatr səhnələrində - Rusiya Akademik Böyük Teatrı (Moskva), Mariinski adına Opera və Balet Teatrı (Sankt-Peterburq), İstanbul və Ankara, Paris və Strasburq, Belorus Akademik Böyük Opera və Balet Teatrı (Minsk), Pribaltika və çexiyalı tamaşaçılar heyranlıqla izləyib və alqışlayıb.

Kamillanın yüksək peşəkarlıq, artistizm, ehtiras və məhəbbətlə yaratdığı Şəhrizad (“Min bir gecə”), Gözəllər gözəli (“Yeddi gözəl”), Tomris (“Rast”), Baycan (“Eşq və Ölüm”), Zübeydə (“Şəhrizad”), Gülyanaq (“Qız qalası”), Leyli (“Leyli və Məcnun” – Q.Qarayev) və onlarla başqa obrazlar iki onillik ərzində onun tamaşaçılarına böyük zövq verib.

Sənətinin əsl zirvəsində olan K.Hüseynova artıq estafeti öz gənc həmkarlarına verməyə, səhnə ilə vidalaşmağa hazırlaşsa da, teatrdan uzaqlaşmayacaq. O, Opera və Balet Teatrının balet truppasının, eyni zamanda Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri vəzifələrində çalışır.

Son xəbərlər

Orphus sistemi