Xalq artisti Rafael Dadaşovun yubileyidir

Xalq artisti Rafael Dadaşovun yubileyidir Aktyorun 70 yaşı tamam olur
İncəsənət
4 Yanvar , 2016 12:09
Xalq artisti Rafael Dadaşovun yubileyidir

Bakı. 4 yanvar. REPORT.AZ/ Yanvarın 4-ü Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rəfael Dadaşovun doğum günüdür.

"Report" xəbər verir ki, R.Dadaşovun 70 yaşı tamam olur.

Xatırladaq ki, Rəfael Dadaşov 1946-cı ildə Naxçıvanda sənətkarlar ailəsində dünyaya gəlib. Aktyorun atası Azərbaycanın xalq artisti Məlik Dadaşov, anası Naxçıvan Teatrının aktrisası, xalq artisti Sofiya Hüseynovadır.

1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

Rafael Dadaşov 1976-cı ildən Akademik Milli Dram Teatrın aktyor truppasında çalışır. Teatrın səhnəsində Zaur "Ümid" (M.İbrahimbəyov), Don Juan "Bəşərin komediyası, yaxud Don Juan" (M.İbrahimov), Klavdi "Hamlet" (Uilyam Şekspir), Klavdio "Heç nədən hay küy" (Uilyam Şekspir), Vojevatov və Paratov "Cehizsiz qız" (Aleksandr Ostrovski), Rövşən "Əliqulu evlənir" (Sabit Rəhman), Müstəntiq "İstintaq" (Rüstəm İbrahimbəyov), Knyaz Xasay "Xurşidbanu Natəvan" (İlyas Əfəndiyev), Qədim "Büllur sarayda" (İlyas Əfəndiyev), Cəmil "Unuda bilmirəm" (İlyas Əfəndiyev), Vasif "İblis" (Hüseyn Cavid), Camal "Nişanlı qız" (Sabit Rəhman), Mindövlət və Aydar "Sokratı anma gecəsi" ("Eşşək dərisi üzərində məhkəmə") (Ç.Aytmatov və M.Şahanov), Tesey "Fedra" (J.Rasin), Özdəmir "Afət" (Hüseyn Cavid), Şeyx Nəsrullah "Ölülər" (Cəlil Məmmədquluzadə), Agah Əfəndi ("Qanlı Nigar", Sadıq Şəndil) və s. maraqlı obrazlar yaradıb.

Rafael Dadaşov Azərbaycan Dövlət Televiziyasında hazırlanmış çoxlu tamaşaların iştirakçısı olub. Həmin teletamaşalar içərisində Anarın "Ötən ilin son gecəsi" (Rüstəm), K.Qoldoninin "Mehmanxana sahibəsi" (Sinyor Kavaler), Aslan Qəhrəmanovun "Səni axtarıram" və "Bağışla" (Vasif müəllim), Ruhəngiz Qasımovanın "Yollar görüşəndə " (Həmid), Hüseyn Cavidin "Topal Teymur" (Orxan), Üzeyir Hacıbəyovun "Ordan-burdan" (Həmid), İlyas Əfəndiyevin "Mənim günahım" (Sahib), İslam Səfərlinin "Göz həkimi" (Rauf), A.Rafın "İblis qadın" (Şef) və s. oynadığı obrazlar daha yaddaqalan və uğurludur.

Aktyor "Var olun qızlar" (İsa), "Yarımçıq qalmış serenada" (Saksofonçu), "Bəxt üzüyü" (Rasim), "Mənim ağ şəhərim" (Baş mühəndis) bədii, "Qaçaq Süleyman" (Qraf Vorontsov) televiziya filmlərinə çəkilib.

Son xəbərlər

Orphus sistemi