Azərbaycanda "Üzeyir Musiqi Günü"nün təntənəli rəsmi açılışı olub

Azərbaycanda "Üzeyir Musiqi Günü"nün təntənəli rəsmi açılışı olub Bu gün Milli Musiqi Günü qeyd edilir
İncəsənət
18 Sentyabr , 2015 12:40
Azərbaycanda Üzeyir Musiqi Gününün təntənəli rəsmi açılışı olub

Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidentinin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi "Üzeyir Musiqi Günü" keçirilir.

"Report" xəbər verir ki, bu münasibətlə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərabaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Azərbaycanın xalq artistləri, görkəmli sənət nümayəndələri dahi Üzeyir bəyin məzarını ziyarət ediblər.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev dahi Üzeyir bəyin 130 illik yubileyi münasibətilə Azərbaycanın musiqi ictimaiyyətini və xalqı təbrik edib: "Bu gün dahi şəxsiyyətin - Üzeyir bəy Hacıbəylinin doğum günüdür. Üzeyir bəyin 130 yaşı tamam olur. Onun möhtəşəm yubileyi münasibətilə VII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı da öz işinə başlayır. Dahi Üzeyir bəyin ruhu şaddır. Çünki onu bütün xalq sevir. Bizim hər günümüz, hər səhərimiz Üzeyir bəyin musiqisilə, bizim dövlət himnimizlə başlayır. Deməli, nə qədər ki, Azərbaycan yaşayır, Üzeyir bəy də yaşayacaq, var olacaq".

Fəxri xiyabanda başlanan anım mərasimi Azərbaycan Dövlət Xor Kapellasının ifasında "Şəbi-hicran"la davam edib. Daha sonra Müslüm Maqomayevin, Qara Qarayevin məzarı ziyarət edilib.

"Üzeyir Musiqi Günü"nün iştirakçıları Milli İncəsənət Muzeyinin həyətində yerləşən "Güllələnmiş heykəllər" abidəsini ziyarət etdikdən sonra təntənəli mərasimin rəsmi açılışı Bakı Musiqi Akademiyasının qarşısında baş tutub.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi "Üzeyir Musiqi Günü"nün rəsmi açılışında çıxış ediblər.

Dahi Üzeyir bəyin heykəli qarşısında Azərbaycan Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin nümunəvi Hərbi Orkestri və Hərbi Nəfəsli Alətlər Orkestrinin ifasında dahi Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operasından üvertüra və digər əsərlərindən parçalar səsləndirilib. Eyni zamanda, bu gün doğum günü olan Müslüm Maqomayevin "Radio marşı"nın ifası da unudulmayıb.

Beləliklə, "Üzeyir Musiqi Günü"nün təntənəli rəsmi açılışı olub.

Bu gün axşam saatlarında Heydər Əliyev Sarayında Beynəlxalq Musiqi Festivalının və Üzeyir bəyin 130 illik yubileyinə həsr olunan yubiley gecəsi keçiriləcək.

Son xəbərlər

Orphus sistemi