Tbilisidə Rəşid Behbudovun 100 illiyi qeyd olunub - FOTO

Tbilisidə Rəşid Behbudovun 100 illiyi qeyd olunub - FOTO Onun həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi açılıb
İncəsənət
27 Sentyabr , 2016 21:20
Tbilisidə Rəşid Behbudovun 100 illiyi qeyd olunub - FOTO

Tbilisi. 27 sentyabr. REPORT.AZ/ Sentyabrın 27-də Gürcüstanın paytaxtındakı İvane Saracişvili adına Dövlət Konservatoriyasının akt zalında Azərbaycanın dünya şöhrətli müğənnisi, SSRİ Xalq artisti, Tbilisi şəhərinin fəxri vətəndaşı Rəşid Behbudovun 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbiri Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi ilə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi birgə təşkil ediblər.

Konservatoriyanın foyesində R.Behbudovun həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi açılıb.

Şota Rustaveli adına Dövlət Teatr və Kino İnstitutunun rektoru Georgi Dolidze tədbiri açdıqdan sonra Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze, Azərbaycanın bu ölkədəki səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva, məşhur opera müğənnisi Nani Breqvadze, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva və başqaları çıxış edərək R.Behbudovun həyat və yaradıcılığından söz açıblar.

Səhnədə quraşdırılmış ekranda R.Behbudovun “Arşın mal alan” musiqili komediyasından gürcü dilində parçalar nümayiş etdirilib.

Gürcü müğənni və aktyorlar dahi sənətkarın mahnılarını ifa ediblər. Nazir M.Georqarze jurnalistlərə müsahibəsində bunları deyib:

“Rəşid Behbudov, təkcə Azərbaycanda və Gürcüstanda deyil, dünyada tanınmış müğənni idi. Onun yaradıcılığı, opera və xalq mahnılarını ifaçılıq qabiliyyəti hamını valeh edir. R.Behbudov bu gün də sevilir və bundan sonra da seviləcək. Azərbaycan və gürcü xalqları öz sənətkarlarına böyük qiymət verirlər. Bugünkü tədbir dediklərimin əyani sübutudur”.

R.Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində anadan olub. Uşaqlıqdan musiqiyə böyük marağı olan Rəşid sonradan təhsilini və fəaliyyətini Bakıda davam etdirib. Azərbaycanda və Gürcüstanda dahi sənətkarın yaradıcılığına böyük qiymət verilib.

Yubiley axşamında Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi, Azərbaycanın Tbilisidəki Səfirliyi, bu ölkədə akkreditə olunmuş diplomatik korpus nümayəndələri, Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı nümayəndəliyinin əməkdaşları, Gürcüstanın və Azərbaycan mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi