Tbilisidə Azərbaycan kino, teatr, rəqs və xoreoqrafiya afişalarının 2000-dək nümunəsi saxlanılır - FOTO

Tbilisidə Azərbaycan kino, teatr, rəqs və xoreoqrafiya afişalarının 2000-dək nümunəsi saxlanılır - FOTO Gürcüstanın paytaxtındakı M.F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Rəngarəng Gürcüstan” adlı sərgi açılıb
İncəsənət
19 İyul , 2016 23:01
Tbilisidə Azərbaycan kino, teatr, rəqs və xoreoqrafiya afişalarının 2000-dək nümunəsi saxlanılır - FOTO

Tbilisi. 19 iyul. REPORT. AZ/ İyulun 19-da Tbilisidəki M.F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Rəngarəng Gürcüstan” adlı sərgi açılıb.

“Reportun” Gürcüstan bürosu xəbər verir ki, sərgidə XIX əsrə aid Azərbaycan kino, rəqs və konsert afişalarının nümunələri də nümayiş etdirilir.

Sərgidə Gürcüstan İncəsənət Sarayının afişa fondunda saxlanılan Gürcüstan, Azərbaycan, Rusiya, İsrail və digər ölkələrin mədəniyyətini birləşdirən 40 opera, teatr, rəqs və kino afişası nümayiş etdirilib.

Gürcüstan İncəsənət Sarayının direktoru Qeorqi Qalandiya deyib ki, Gürcüstan Dövlət Teatr, Musiqi, Kino və Xoreoqrafiya Muzeyində 57 min ədəd teatr, kino, xoreoqrafik və siyasi afişa mühafizə olunur. Onlardan 2 minə qədəri Azərbaycana aiddir. Həmin kolleksiyada müxtəlif dillərdə yaradılmış kino afişalar xüsusilə seçilir. Afişaların ən qədim nümunələri sinematoqrafiya dövrünə, 1900-cü ilə aiddir.

Onun sözlərinə görə, muzeydə 1912-ci ildən 2015-ci ilədək çəkilmiş 350 filmin 2100-ü gürcü kino afişalarıdır.

Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva deyib ki, tədbirin əsas məqsədi mədəniyyət nümunələrini təbliğ etmək və gələcək nəsillərə çatdırmaqdır. Bu birinci sərgidir və burada 1900-cü ildən 2015-ci ilədək çəkilmiş kinoların, rəqs və konsertlərin afişaları nümayiş etdirilir. Yaxın vaxtlarda açılacaq ikinci sərgidə sırf teatr afişalarının nümayişi nəzərdə tutulub.

Ekspozisiyadan başqa, tədbirdə “Rəngarəng Gürcüstan” adlı kataloqun təqdimatı keçirilib. Kataloqda İncəsənət Sarayında mühafizə olunan unikal afişa kolleksiyasından nümunələr toplanıb. Bu nümunələrin arasında XIX əsr Azərbaycan kino, teatr, konsert və rəqs afişaları da yer alıb.

M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin, İncəsənətə Dəstək Muzeyinin və Gürcüstan Dövlət Teatr, Kino və Xoreoqrafiya Muzeyinin birgə təşkil etdikləri sərgi bir həftə davam edəcək.

Son xəbərlər

Orphus sistemi