Şəki teatrı mövsümü "Kəlilə və Dimnə" tamaşasının premyerası ilə yekunlaşdıracaq

Şəki teatrı mövsümü "Kəlilə və Dimnə" tamaşasının premyerası ilə yekunlaşdıracaq Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərən teatr studiyasının tələbələri yeni tamaşa hazırlayıb
İncəsənət
21 İyul , 2016 17:55
Şəki teatrı mövsümü Kəlilə və Dimnə tamaşasının premyerası ilə yekunlaşdıracaq

Bakı. 21 iyul. REPORT.AZ/ Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı 137-ci teatr mövsümünü iyulun 24-də başa vuracaq.

Bu barədə "Report"a Şəki Dövlət Dram Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Mirbala Səlimli məlumat verib.

O deyib ki, mövsümü "Kəlilə və Dimnə" tamaşasının premyerası ilə yekunlaşdıracaqlar. M.Səlimlinin sözlərinə görə, tamaşanı Şəki teatrında fəaliyyət göstərən studiyanın gəncləri Şərq rəvayətləri əsasında səhnələşdiriblər.  

Baş rejissor qeyd edib ki, teatrdakı studiya 1970-ci ildə yaradılıb və uzun illər fəaliyyət göstərib. Amma 1980-ci ildə studiya bağlanıb: "90-cı illərdən başlayaraq, studiyanı yenidən formalaşdırmağa başladım. 2009-cu ildən Mədəniyyət və Turizm Nazirliyi Şəki teatrının nəzdində fəaliyyət göstərən teatr studiyasını maliyyələşdirir. Mən həm studiyanın bədii rəhbəri, həm də aktyor və rejissor sənəti müəllimiyəm. Səhnə danışığından müəllim əməkdar artist İqrar Salamov, rəqs və plastikadan Çingiz Novruzəliyev, musiqi və vokaldan Xatirə Orucovadır. Teatr studiyasına Şəkidən və ətraf kəndlərdən gəlmiş istedadlı gəncləri toplayıb, onlara aktyor və rejissor sənətinin incəliklərini öyrədirik. Teatr studiyamızı bitirən gənclər gələcəkdə Mədəniyyət və İncəsənət Univesitetində təhsillərini davam etdirib, peşəkar mütəxəssis kimi yetişirlər".

Onun sözlərinə görə, hazırda teatr studiyasında ümumi 10 nəfər gənc təhsil alır və növbəti qəbul sentyabrda keçiriləcək: "Bu dəfə 8 nəfər istedadlı gənci seçməyi düşünürük. Şəki televiziyası və sosial şəbəkələr vasitəsi elan veririk. Müsabiqədən keçən istedadlı tələblər gələcəyin teatr mütəxəssisi kimi hazırlanır". 

Qeyd edək ki, "Kəlilə və Dimnə" tamaşasının quruluşçu rejissoru Arzu Əhmədova , quruluşçu rəssamı Nicat Məmmədov, musiqi tərtibatçısı Xatirə Orucova, rəqslərin quruluşçusu Çingiz Novruzəliyev, bədii rəhbəri Mirbala Səlimlidir.

Rolları Anar Bəhlulov, Rəşad Rüstəmov, Orxan Həmidli, Elvin Mabudov, Xəyal Salahov, Rəsul Məmmədrəhimov, Günay Novruzəliyeva, Nərmin Abbasova, İlkin Rüstəmov, Çinarə Səmədova, Samirə Bəbişova və Qurban Rəsulov ifa edir.

Son xəbərlər

Orphus sistemi