Rusiyanın məşhur jurnalı “Xortdanın cəhənnəm məktubları” tamaşasından yazıb

Rusiyanın məşhur jurnalı “Xortdanın cəhənnəm məktubları” tamaşasından yazıb Yazıda iki teatr kollektivinin yaradıcılıq mübadiləsinin ən maraqlı mərhələsində ərsəyə gələn iki yeni səhnə əsərindən bəhs edilir
İncəsənət
5 Yanvar , 2016 20:35
Rusiyanın məşhur jurnalı “Xortdanın cəhənnəm məktubları” tamaşasından yazıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Ötən 87-ci teatr mövsümündə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında hazırlanmış “Xortdanın cəhənnəm məktubları” tamaşası haqqında Rusiyanın məşhur jurnallarından biri olan “Иные берега”da maraqlı yazı çıxıb.

"Report" xəbər verir ki, əməkdar mədəniyyət işçisi, teatrşünas Valentina Reznikovanın qələmə aldığı “Дружить домами - это здорово!” başlıqlı yazısında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Rusiya Federasiyası Kalmık Milli Dram Teatrı arasında 4 ilə yaxın davam edən sıx yaradıcılıq münasibətləri öz əksini tapıb.

Yazıda iki teatr kollektivinin yaradıcılıq mübadiləsinin ən maraqlı mərhələsində ərsəyə gələn iki yeni səhnə əsəri - Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanovun Kalmık Milli Dram Teatrında yazıçı-dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında səhnələşdirdiyi “Sevən qadın” və Kalmık Milli Dram Teatrının bədii rəhbəri, RF-in əməkdar incəsənət xadimi Boris Mandjiyevin Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povesti əsasında hazırladığı eyniadlı tamaşa haqqında geniş məlumat verilib.

Fərman və Gövhərtac sevgisini Leyli və Məcnun ilə eyni tutan müəllif iki nakam aşiqin acı taleyini, Gövhərtacın ayla monoloqunu və ölüm səhnəsini, Hacı Kamyabın var-dövlət hərisliyinin ona gətirdiyi bədbəxtliyi, Hacı Mirzə Əhməd Ağanın İblisə uyub iki sevgilini bir-birindən ayırmağını və sonda rejissorun gəlib : “Xeyir, bu final əsərə uyğun gəlmir, mən yeni final yazacağam” deməyini, eləcə də tamaşanın müvəfəqqiyyəti və aktyorların peşəkar ifalarını olduqca maraqlı notlarla qələmə alıb...

Qeyd edək ki, “Иные берега” jurnalı Rusiya Federasiyası Teatr Xadimləri İttifaqı tərəfindən 2006-cı ildə təsis olunub. Jurnalın devizi “bizi ayıran sərhədlərə rəğmən, ortaq mədəniyyət məkanı yaratmaq”dır.

Hər rüb dərc olunan və mədəniyyətin müxtəlif sahələrini əhatə edən jurnalda Rusiya sərhədlərindən kənarda Rusiya mədəniyyətinin təbliğinə həsr olunmuş yazılar yer alır. Bütün MDB məkanı və Baltikyanı ölkələr arasında böyük populyarlıq qazanan jurnal Çin, Yaponiya, Fransa, Polşa, Almaniya, Fransa, Amerika Birləşmiş Ştatlarından da xeyli sayda oxucuya sahibdir. 

Son xəbərlər

Orphus sistemi