Ramiz Əzizbəyli: "Mən gileylənməyi sevən adam deyiləm" - MÜSAHİBƏ

Ramiz Əzizbəyli: "Mən gileylənməyi sevən adam deyiləm" - MÜSAHİBƏ ""Bəxt üzüyü" filminə həyat yoldaşım Zümrüd xanımı da çəkmişdim, amma montajda ixtisar etdim"
İncəsənət
7 May , 2015 15:51
Ramiz Əzizbəyli: Mən gileylənməyi sevən adam deyiləm - MÜSAHİBƏ

Bakı. 7 may. REPORT.AZ/ Azərbaycanın xalq artisti, rejissor, Mədəniyyət və İncəsənət Universitetinin professoru Ramiz Əzizbəylinin "Report"a müsahibəsi. 

- Özünüzü necə hiss edirsiniz? 

- Şükür Allaha, indi yaxşıyam. Müalicələrim davam edir. Çünki xəstəliyim elədir ki, həmişə həkim nəzarəti altında olmalıyam. Getdikcə özümü daha yaxşı hiss edirəm və yavaş-yavaş sağalıram. Mətbuat səhhətimin ağır olduğunu yazmışdı. Deyəsən, məni istəyənləri qorxutdum. Bilirsiniz ki, televiziyada çoxdan çəkilmiş kadrlar nümayiş olunur. Bu səbəbdən də həmin kadrlarda yorğan-döşəkdə idim. İndi isə şükür Allaha, ayağa qalxmışam. Hər şey qaydasındadır. 

- Səhhətinizlə bağlı evdən çıxmırsınız. Dostlar, sənət yoldaşlarınız, tanışlar yanınıza gəlirlər? 

- Sağ olsunlar, gəlib baş çəkirlər və heç bir narazılığım yoxdur. Adların çəkmək istəmirəm, lakin gələnlər çox olur. Sənət yoldaşlarım və tələbələrim gəlir. Əsas olan odur ki, məni unutmurlar. 

- Müalicə xərclərinizi özünüz çəkirsiniz?

- Bəli, özüm çəkirəm. Prezident mənə təqaüd ayırmasaydı, o zaman vəziyyətim çətin olardı. Hazırda nisbətən rahatam. Kişi şikayətlənməz və mən də o prinsiplə yaşayıram. Şükür Allaha, indi yaxşıyam. Əvvəl əlil arabası ilə gəzirdim, ancaq indi yavaş-yavaş özüm gəzirəm. İflic keçirtmişdim. Bu da elə xəstəlikdir ki, tam sağalmır. Yenə də bu günümə şükür edirəm. Dörd aydır ki, Prezident təqaüdü alıram. 67 yaşım var və 70 yaşıma 3 il qalıb. Allah qismət etsə, sağlıq olsa, yubileyimi qeyd edərik.

- Ramiz müəllim, tam sağalandan sonra yaradıcılıqla bağlı nə kimi planlarınız var? Yenidən sənətə qayıtmağınız, yeni film çəkməyiniz mümkündürmü, yoxsa artıq yaradıcılığı bir kənara qoymusunuz?  

- Sənətdəyəm, heç hara getməmişəm. Bundan sonra ancaq film çəkilişlərinə rəhbərlik edə bilərəm. Başqaları çəkər, mən də gənclərə yol göstərərəm. Lakin yenidən film çəkmək mənə çətin olar. Tam sağalsam, o zaman sırf qısametrajlı film çəkə bilərəm. İndi evdə oturmuşam. Hazırda Şamaxıda ev tikdirirəm. 4 ildir tikinti gedir, amma bitməyib. Allah qoysa, o evin tikintisi bitsin, gəlib qonağım olarsız. Vaxtilə bağlarım, bağ evim olub, şəraitim bir zamanlar çox yaxşı idi.

- Uzun illər toy məclislərində də aparıcılıq etmisiniz...

- Bəli, düz 25 il bu işi görmüşəm. 25 il toylarda "söz satmışam"... Buradan qazandığımı isə bağ evimin tikintisinə qoymuşam. Bir sözlə, sahib olduqlarımı əziyyətlə qazanmışam.

- Şamaxıya tez-tez gedirsiniz?

- Bəli, orada tikdirdiyim evə nəzarət etmək üçün hər həftə gedirəm. Bu bəhanəylə də havamı dəyişirəm.

- Ev hazır olandan sonra Şamaxıya həmişəlik köçmək fikriniz var? 

- Yox, həmişəlik getmərəm, çünki Bakısız darıxaram. Amma hərdən gedib qalacam. 

- Ramiz müəllim, sənətdə böyük əməyi, zəhməti olan, daim aktiv həyat yaşayan bir adamın indi evdən çıxa bilməməsi çox çətindir. Daha çox kino, yoxsa teatr üçün darıxırsınız?

- Həm kino, həm də teatr üçün çox darıxıram, çünki onları bir-birindən ayırmıram. Son illər Opera və Balet Teatrında çıxış edirdim. Darıxıram, amma nə etməli, indi evdə oturmağa məcburam. 

- İnşallah tam sağalandan sonra ilk işiniz nə olacaq? Film çəkmək, yoxsa aktyor kimi çəkilmək?

- Sənətə aktyor kimi başlayıb, sonra rejissorluğa keçdim. Məni də çəkdilər, mən də çəkdim. Fəaliyyətim geniş olduğundan şikayətim yoxdur. Cavanlıqda idmanla məşğul olmuşam. Yaxşı şəkillər də çəkirdim. Həm də karikaturaçı rəssamam.

- Həm də gözəl səsiniz var. Xəstəliyiniz səsinizə təsir edib? 

- İndi də oxuyuram. Səsim yerindədir. İstəsəniz oxuya da bilərəm. (Gülür) 

- Hər dəfə "Bəyin oğurlanması" filminə baxanda sizin gözəl ifanızı eşidirik. Rasim Ocaqovun ekranlaşdırdığı "Otel otağı" filmində də gözəl mahnılar ifa etmisiniz...

- Hə, çox oxumuşam. Yaxşı ki, bir neçə filmlərdə səsim qalıb. Ümumiyyətlə, məni hərtərəfli sənət adamı kimi tanıyıblar. Aktyor, rejissor, idmançı və rəssam olmuşam. Həvəsim olduğundan hər sahəyə baş vururdum. Yaxşı futbol oynayır, həm də güləşlə məşğul olurdum. Qılıncoynatma, onun başqa növü olan espadromla məşğul olurdum. Başımda espadromun izi hələ də qalıb.

- Otağınızda xeyli kitab var. İndi də mütaliə edirsiniz?

- Hərdən kitabları açıb vərəqləyirəm, amma oxuya bilmirəm. Çünki gözlərim ağrıyır deyə tez yoruluram.

- "Bəxt üzüyü" filmindən sonra yaradıcılığınızda uzun fasilə yarandı. Ekranlaşdırdığınız son bədii film isə "Yalan" oldu...

- "Yalan" filmi Qarabağ mövzusundan bəhs edir. Həmin filmi Orxan Fikrətoğlunun ssenarisi əsasında çəkmişəm. Sonradan İmir Məmmədlinin ssenarisi əsasında "Qovğalı kəndinin gecələri" adlı televiziya filmini çəkdim. O film nəinki Azərbaycanda, eləcə də Türkiyədə sevildi.

- İlk filminiz "Pirverdinin xoruzu" qısametrajlı film idi...

- Hə, "Pirverdinin xoruzu" ilk filmim oldu. O film çox ölkələri gəzdi və mükafatlar qazandı. Rejissor kimi 4 film çəkmişəm. Bununla yanaşı, aktyor kimi çox filmə çəkilmişəm. "Mozalan"da da oynamışam. Hələ radio verilişlərimi demirəm. Mənim fondda saxlanılan radio verilişlərim çoxdur.

- "Bəxt üzüyü"nün ekran taleyi uzunömürlü oldu. Belə olacağını gözləyirdiniz?

- Siz hələ "Bəxt üzüyü" filminin təqdimatını görərdiniz. Heydər Əliyev Sarayında ilk nümayiş oldu. Camaat sarayın şüşələrini sındırmışdı. O gün heç yadımdan çıxmaz.

- Eşitdiyimizə görə, "Bəxt üzüyü"ndə həyat yoldaşınız Zümrüd xanımı da çəkmisiniz, amma filmə salmamısınız...

- Bəli, rejissor kimi montajda ixtisarlar etdim. (Gülür) Arvad-uşağı çox göstərmədim. Olmaz. 

- Ramiz müəllim, sizi çox yormayaq. Nə sözünüz, arzunuz var? Sizi nə narahat edir?

Mən gileylənməyi sevən adam deyiləm. Şükür Allaha, yaxşı təqaüd alıram. Prezident İlham Əliyev çox sağ olsun, mənə yenidən təqaüd verib. 

Bir problemim var, o da liftimizin xarab olmasıdır. Lift başımıza bəla olub, işləmir. Mən də çıxıb-düşə bilmədiyimdən evdəkilərə əziyyət olur. Buna görə də evdən bayıra çıxa bilmirəm. 

Müsahibə aldığım müddətdə Ramiz Əzizbəylinin həyat yoldaşı Zümrüd xanım onun yanından bir dəqiqə də ayrılmır, daimi qayğısını çəkir. Zümrüd xanımdan soruşdum ki, səhhətində olan problemlər Ramiz müəllimin xarakterini çoxmu dəyişib, kaprizləri çoxmu artıb? 

- Ramiz məni incitmir. Təki sağalsın. Mən onun qulluğunda dayanmağa hazıram.

Ramiz Əzizbəyli müdaxilə edir:

- Həyatda yeganə əziyyət verdiyim qadın Zümrüd xanımdır. Sağ olsun, əziyyətimə dözür.

Son xəbərlər

Orphus sistemi