"Qaçaq qocalar" tamaşası Türkiyədə keçirilən festivalda uğur qazanıb

"Qaçaq qocalar" tamaşası Türkiyədə keçirilən festivalda uğur qazanıb Bu münasibətlə Teatr Xadimləri İttifaqında mətbuat konfransı keçirilib
İncəsənət
4 İyun , 2015 17:20
Qaçaq qocalar tamaşası Türkiyədə keçirilən festivalda uğur qazanıb

Bakı. 4 iyun. REPORT.AZ/ "Qaçaq qocalar" tamaşası Türkiyədə keçirilən Beynəlxalq Teatr Festivalından qayıdıb. "Report" xəbər verir ki, Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində fəaliyyət göstərən "Rejissorluq emalatxanası"nda əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyoru Nofəl Vəliyevin hazırladığı tamaşanın festivalda iştirakına dair iyunun 4-də mətbuat konfransı keçirilib.

Mətbuat konfransında "Qaçaq qocalar" əsərinin müəllifi, yazıçı Elçin Hüseynbəyli, tamaşanın yaradıcı heyəti, rejissor və aktyor Nofəl Vəliyev, Kərəm Hadızadə və Məsumə Babayeva iştirak edib.

Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, əməkdar incəsənət xadimi Azərpaşa Nemət rəhbərlik etdiyi qurumun "Zəfər" studiyasında hazırlanan tamaşalardan və onların uğurlu səhnə həyatından danışıb. 

İttifaqın sədr müavini, xalq artisti Hacı İsmayılov bildirib ki, Türkiyənin Dənizli şəhərində keçirilən Beynəlxalq Teatr Festivalında Azərbaycanı təmsil edən aktyorlar yüksək səviyyədə çıxış ediblər. Onun sözlərinə görə, Dənizli Bələdiyyəsi Azərbaycan teatr xadimlərinə xüsusi mükafat təqdim edib. 

Tamaşanın rejissoru və baş rolun ifaçısı, əməkdar artist Nofəl Vəliyev əsərin Qarabağ mövzusundan bəhs etdiyini və bu günün ən aktual məsələsinə həsr olunduğunu deyib: "Biz bu tamaşanı hazırlamağa başlayanda çoxları mənə deyirdi ki, əsər reallığı əks etdirmir, gopdur. Necə olur ki, bu tamaşanın premyerasından 1 həftə sonra 3 həmyerlimiz doğma torpaqlarında əzizlərinin məzarını ziyarət etmək üçün Kəlbəcərə getdilər? Onlar işğal olunmuş torpaqlarımıza getdilər və ora Azərbaycan bayrağı sancdılar. Elə bizim əsərdə də bu mövzudan söhbət gedir. Əsərdə iki qoca işğal altındakı kəndlərinə gedirlər. Biz bunu həyatda da gördük"

Yazıçı Elçin Hüseynbəyli cəmiyyətdə belə əsərlərin birmənalı qarşılanmadığını deyib. Onun fikrincə, belə tamaşaları səhnəyə qoyan rejissor çox cəsarətli olmalıdır: "Əsərdə söhbət Qarabağdan, torpaq həsrətindən gedir. İki qoca işğal altında olan doğma kəndlərinə gedirlər. Əslində, bu əsər iki qocanın harayıdır, çığırtısıdır".

Qeyd edək ki, Türkiyənin Dənizli şəhərində keçirilən 31-ci Uluslararası Amatör Teatr Festivalı mayın 18-dən 24-dək davam edib. Festivalda türk teatları ilə yanaşı, Gürcüstan teatrı da çıxış edib. Azərbaycanın nümayiş etdirdiyi tamaşa maraqla qarşılanıb və festivalın mükafatını qazanıb.

Tamaşanın səhnə tərtibatçısı Nofəl Vəliyev, geyim üzrə rəssamı Zəminə Orucova, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Rolları Kərəm Hadızadə, əməkdar artistlər Nofəl Vəliyev, Məsumə Babayeva oynayıb. 

Son xəbərlər

Orphus sistemi