Opera və Balet Teatrında xalq artisti Ağababa Bünyadzadənin 100 illik yubileyi qeyd ediləcək

Opera və Balet Teatrında xalq artisti Ağababa Bünyadzadənin 100 illik yubileyi qeyd ediləcək Teatrda “Şah İsmayıl” operası göstəriləcək
İncəsənət
1 İyun , 2015 17:56
Opera və Balet Teatrında xalq artisti Ağababa Bünyadzadənin 100 illik yubileyi qeyd ediləcək

Bakı. 1 iyun. REPORT.AZ/ Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin “Şah İsmayıl” operasının tamaşası olacaq. 

"Report" xəbər verir ki, iyunun 3-də göstəriləcək tamaşa Azərbaycanın xalq artisti, görkəmli opera müğənnisi Ağababa Bünyadzadənin (1915-1974) 100 illik yubileyinə həsr edilib.

Uzun illər Opera və Balet Teatrının solisti kimi çalışan Ağababa Bünyadzadə teatrın repertuarındakı əksər opera tamaşalarında (“Leyli və Məcnun” (Nofəl), “Koroğlu” (Həsən xan və Alı), “Xosrov və Şirin” (Şapur), “Vətən” (Mərdan), "Karmen” (Eskamilio), “Sevilya bərbəri” (Fiqaro), “Aida” (Amonasro), “Traviata” (Jorj Jermon) və s. yaddaqalan parlaq obrazlar yaradıb. A.Bünyadzadənin sənət taleyində “Şah İsmayıl” operasının xüsusi yeri var. Uzun illər bu operada əsas partiyalardan biri – Aslan şahı ifa etməklə yanaşı, həm də operanın quruluşçu rejissoru olub. Bu səbəbdən Opera və Balet Teatrının yaradıcı kollektivi böyük sənətkarın 100 illik yubileyini məhz “Şah İsmayıl” operasının tamaşası ilə qeyd edəcək.

Tamaşada əsas partiyaları əməkdar artistlər Təyyar Bayramov (Şah İsmayıl), İlahə Əfəndiyeva (Gülzar), Cahangir Qurbanov (Aslan şah) və Gülüstan Əliyeva (Ərəbzəngi) ifa edəcək.

Tamaşanın dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Son xəbərlər

Orphus sistemi