Opera və Balet Teatrı Almaniyada beynəlxalq festivalda iştirak edəcək

Opera və Balet Teatrı Almaniyada beynəlxalq festivalda iştirak edəcək Teatr 107-ci mövsümə Qara Qarayevin "Don Kixot" və "Leyli və Məcnun" baletlərinin tamaşası ilə yekun vuracaq
İncəsənət
28 İyun , 2016 16:15
Opera və Balet Teatrı Almaniyada beynəlxalq festivalda iştirak edəcək

Bakı. 28 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı iyunun 29-da 107-ci teatr mövsümünə yekun vuracaq.

Teatrdan "Report"a verilən məlumata görə, həmin gün teatrın səhnəsində görkəmli bəstəkar Qara Qarayevin "Don Kixot" və "Leyli və Məcnun" baletlərinin tamaşası nümayiş etdiriləcək. 

Ancaq bununla belə, yaradıcı kollektivlər iyul ayı ərzində yeni mövsümə hazırlıqla əlaqədar məşqlərini davam etdirəcəklər. 

Məlumatda həmçinin Opera və Balet Teatrı Almaniyada keçirilən IX Qut-İmmlinq beynəlxalq opera sənəti festivalına qatılacağı qeyd olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq qastrol səfəri avqustun 1-dən 9-na kimi davam edəcək. 

Azərbaycan musiqiçiləri festivala 60 nəfərlik heyətlə qatılacaq. Teatrın simfonik orkestri avqustun 7-də festivalın əsas tədbiri olan - Qrand final konsertində çıxış edəcək. Konsertdə dünya klassikləri ilə yanaşı, Azərbaycan bəstəkarları - Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Polad Bülbüloğlunun da musiqiləri ifa olunacaq.

Qrand final konsertində orkestri Qut-İmmlinq festivalının musiqi rəhbəri və dirijoru Korneliya fon Kerssenbrok, Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev və gənc dirijor Murtuza Məmmədov idarə edəcək.

Son xəbərlər

Orphus sistemi