Muxtar Maniyevin yubileyi qeyd olunur

Muxtar Maniyevin yubileyi qeyd olunur Görkəmli sənətkar 80 yaşını qeyd edir
İncəsənət
4 Aprel , 2015 11:13
Muxtar Maniyevin yubileyi qeyd olunur

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycanın xalq artisti, görkəmli kino aktyoru Muxtar Maniyevin doğum günüdür.

"Report" xəbər verir ki, Muxtar Maniyevin 80 yaşı tamam olur.

Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. İlk təhsilini 199 saylı orta məktəbdə alıb. Neft-Kimya İnstitutunda təhsil alıb. Amma aktyorluq sənətinin sehrinə düşən Muxtar Maniyev mühəndis diplomunu Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək, ikinci təhsil ardınca gedir.

Muxtar Maniyevin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. Çox keçmədən "Koroğlu" filminə çəkilib. Kinorejissor Hüseyn Seyidzadə bu filmə aktyor axtarışı üçün instituta gələndə, Muxtarı elə ilk baxışdan gözü tutub və onu dəmirçi oğlu Polad rolunda çəkib. O vaxt Muxtar Maniyev hələ birinci kursda oxuyurdu. Bu möhtəşəm qəhrəmanlıq dastanında ona həvalə edilən Polad obrazı haqqında o vaxt tənqidçilər də müsbət fikir söyləmişdilər. Deyirdilər ki, kinoya yeni nəfəs, yeni ampluada aktyor gəlib. Sonrakı illər bir-birinin ardınca "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" filmlərində Muxtar çox uğurlu qəhrəmanları ekranda canlandırmaqla özünü təsdiq edib.

Bir aktyor kimi M.Maniyevin konkret ampluası yoxdur, o müxtəlif xarakterli insanların obrazını ekranda uğurla yaradır. Onun qəhrəmanları bəzən fırıldaqçı, bəzən hadisələrə açıq gözlə baxmağı bacaran dəyərli insan, bəzən isə şux zarafatları ilə tamaşaçılara sevinc bəxş edən personajlardır.

Muxtar Maniyev yaradıcılığı bizim kinematoqrafın böyük bir dövrü ilə bağlıdır. M. Maniyev məhsuldar çalışan sənətçilərdəndir. Əvvəllər, demək olar ki, hər il bir-iki filmə çəkilir. "Mozalan" satirik kinojurnalının isə əksər bədii süjetlərində onun yaddaqalan rolları var.

Muxtar Maniyev hazırda ömrünün ahıl dövrünü yaşayır. Son illər səhhətində yaranan problemlər Muxtar Maniyevi kinodan, sənətdən uzaqlaşdırıb. Ailəsi ilə birlikdə şəhərdən kənarda, bağda məskunlaşan Muxtar Maniyev Azərbaycan kinosunun canlı tarixidir.

Son xəbərlər

Orphus sistemi