Bakıda "Müsyö İbrahim və Quran çiçəyi" tamaşasının premyerası olub - FOTO

Bakıda "Müsyö İbrahim və Quran çiçəyi" tamaşasının premyerası olub - FOTO Premyerada Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da iştirak edib
İncəsənət
3 Oktyabr , 2015 10:55
Bakıda Müsyö İbrahim və Quran çiçəyi tamaşasının premyerası olub - FOTO

Bakı. 3 oktyabr. REPORT.AZ/ Akademik Milli Dram Teatrında Erik Emmanuel Şmidtin "Müsyö İbrahim və Quran çiçəyi" adlı əsəri əsasında hazırlanan tamaşanın premyerası olub.

"Report" xəbər verir ki, əsərə Sankt-Peterburqdan dəvət edilmiş azərbaycanlı, gənc rejissor Ərşad Ələkbərov quruluş verib. Tamaşanın bədii rəhbəri xalq artisti, Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemətdir.

E.Şmidtin eyniadlı əsəri əsasında hazırlanan iki hissəli dramı Azərbaycan dilinə Yaşar Əliyev tərcümə edib. Tamaşanın quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Səhnə əsərində xalq artisti Fuad Poladov (Müsyö İbrahim), aktyor Murad İsmayılov (Moisey), əməkdar artistlər Sabir Məmmədov (Ata), Şəlalə Şahvələdqızı (Bricit Bardo), Mehriban Zəki (Ana), aktyorlar Fidan Cəfərova (Qız), Sərdar Rüstəmov (İnspektor), Adil Dəmirov (Polis) çıxış edib.

Tamaşanın premyerasında tanınmış elm və sənət adamları ilə yanaşı, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da iştirak edib.

Xatırladaq ki, bu məşhur əsəri fransız əsilli yazıçı Erik Emmanuel Şmidt 2001-ci ildə yazıb və müəllifin dünyada tanınan yaradıcılıq nümunələrindən biridir. Dünyanın 30-dan artıq tanınmış teatrının səhnəsində tamaşaya qoyulan əsər yazıçının avtobioqrafik romanıdır. E.Şmidtin əsəri yəhudi məhəlləsində yaşayan 12 yaşlı Momo deyilən Moisey (Musa) və 60 yaşlı müsəlman baqqal İbrahim arasında yaranan hörmət və səmimiyyətə söykənən dostluqdan bəhs edir.

Əsər yəhudi Momonun İbrahim sayəsində islamı qəbul etməsi və bütün pis vərdişlərdən əl çəkməsilə sona çatır. Bu məşhur roman 2001-ci ildə dünyada ən çox satılan əsər olub və "Fransız Akademiyası"nın ən yüksək mükafatını qazanıb. Məşhur romana 2003-cü ildə fransız rejissoru Fransua Dupeyron eyniadlı film çəkib. Filmdə baş rolu Ömər Şərif oynayıb. 

Son xəbərlər

Orphus sistemi