Musiqili Teatrda “999-cu gecə” tamaşasının məşqləri başlayıb

Musiqili Teatrda “999-cu gecə” tamaşasının məşqləri başlayıb Səhnə əsəri “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanıb
İncəsənət
1 Fevral , 2016 17:39
Musiqili Teatrda “999-cu gecə” tamaşasının məşqləri başlayıb

Bakı. 1 fevral. REPORT.AZ/ Musiqili Teatrda “999-cu gecə” tamaşasının məşqləri başlayıb.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, "999-cu gecə" adlı səhnə əsəri “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanıb.

Tamaşanın süjet xəttinin əsasında çəkməçi Marufla onun ifritə arvadı Fatma arasındakı təzadlı, ziddiyyətli münasibətlər dayanır. Bu nağıl “1001 gecə”də Şəhrizadın danışdığı 999-cu nağıl olduğundan yaradıcı kollektiv tamaşanı “999-cu gecə” adlandırmaq qərarına gəlib.

Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlovadır. Rejissorun sözlərinə görə, belə tamaşanı hazırlamaq onun çoxdankı arzusu olub: “999-cu gecə” sırf böyüklər üçün nəzərdə tutulan nağıldır. Düşünürəm ki, böyüklərin də nağıla ehtiyacı var və arada bu ehtiyac da ödənməlidir. Gözlənilməz olaylarla zəngin olan tamaşada qeyri-adi dekorasiyadan istifadə olunacaq. Belə ki, dekorasiya 2 mərtəbəli olacaq və hər mərtəbə də simvolik məna daşıyacaq. Məsələn, üst mərtəbə cənnət, alt mərtəbə cəhənnəm anlamında olacaq. Beləcə xeyir və şər, eşq və nifrət, işıq və zülmət, varlı və kasıb və s. təbəqələşəcək. Bu fonda biz xeyirlə şərin əbədi qarşıdurması ilə yanaşı, böyük bir eşq uğrunda mübarizənin də şahidi olacağıq..."

Tamaşanın musiqi tərtibatında SSRİ xalq artisti Fikrət Əmirovun dünyaca məşhur “Min bir gecə” baletinin musiqilərindən və ölməz, məşhur mahnılarından istifadə olunacaq.

Qeyd edək ki, tamaşanın quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeystri, əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.

Tamaşada rolları əməkdar artist Novruz Qartal, aktyorlar Məhərrəm Qurbanov, Səmədzadə Xasıyev, Gültac və Hüseyn Əlililər, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Nicat Əli, Əliməmməd Novruzov, Elxan İsmayılov, Elçin İmanov, Fərid Rzayev və Elməddin Dadaşov ifa edəcək.

Son xəbərlər

Orphus sistemi