Musiqili Teatr teatrla kinonu sintez edəcək

Musiqili Teatr teatrla kinonu sintez edəcək Cənnət Səlimova: "Məşqləri xeyli vaxtdır ki, davam edən səhnə əsəri xalq yazıçısı Elçinin eyni adlı hekayəsi əsasında hazılanır"
İncəsənət
19 Oktyabr , 2015 20:47
Musiqili Teatr teatrla kinonu sintez edəcək

Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrl daha bir premyeraya hazırlaşır. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, söhbət Xalq yazıçısı Elçinin "Baladadaşın toy hamamı" komediyasından gedir. Məşq prosesində olan tamaşanın quruluşçu rejissoru, xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimova "Baladadaşın toy hamamı"nda teatrla kinonun sintezini ərsəyə gətirməyə çalışıb.

"Məşqləri xeyli vaxtdır ki, davam edən bu səhnə əsəri xalq yazıçısı Elçinin eyni adlı hekayəsi əsasında hazılanır. Əsərdə belə bir yer var ki, toy ərəfəsində olan Baladadaşla kənd hamamının müdiri arasında münaqişə yaranır. Bakı kəndlərinin adətinə görə evlənən oğlan toydan qabaq mütləq bəy hamamına getməlidir. Kənddə isə yanlız bir hamam var. Toy günü hamı gözləyir ki, Baladadaş kənd hamamına gedəcək və müdirdən xahiş-minnət edəcək. Amma Baladadaş öz qürurunu hər şeydən üstün tutaraq bir bəy kimi kənd hamamında deyil, Xəzər dənizində çimməyə qərar verir. Tamaşada bu çox vacib məqamlardan biridir. Biz epizodu tamaşaçılara daha dolğun formada çatdırmaq istədiyimiz üçün qərara gəldik bu səhnəni - Baladadaşın "bəy hamamı"nı - dənizdə çimməsini lentə alıb nümayiş etdirək. Belə də həm müəllif fikrini daha effektli şəklidə ifadə etmək, həm də teatrla kinonun sintezini yaratmaq mümkündür. Havaların soyuq keçməsinə baxmayaraq bir neçə gün öncə Mərdəkanda çəkilişlər apardıq. Baladadaş obrazının ifaçısı, teatrımızın gənc və istedadlı aktyorlarından biri Əmrah Dadaşov əsl fədakarlıq etdi. Havanın soyuq olmasına baxmayaraq dənizdə çimdi. Həmin kadrlar tamaşa zamanı monitor vasitəsilə nümayiş olunacaq", - Cənnət Səlimova bildirib.

Qeyd edək ki, tamaşanın bəstəkarı Firudin Allahverdi, drijoru Fəxrəddin Atayev, quruluşçu drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeystrləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada səslənəcək manhnıların sözləri Vüqar Əbdülova məxsusdur. Tamaşada əsas obrazları Xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, Əkbər Əlizadə, Emma Məlikova, aktyorlar Əmrah Dadaşov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov və başqaları ifa edəcəklər.

Son xəbərlər

Orphus sistemi